İcra başçısı şəhid Sayad Allahyarovun anasının dəfn mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
Şəhidlik zirvəsinə ucalmaq - Vətən, torpaq, böyük amallar uğrunda canından keçərək verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb.
Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran igid oğullarımızdan biri də şəhid Allahyarov Sayad Fərrux oğludur.
Şəhid Sayad Allahyarov 1972-ci ildə Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. Polşa Respublikasında pilot kimi hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Qarabağ müharibəsinə yollanmışdır. 24 sentyabr 1992-ci ildə Əskipara istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Hüseynbəyli kənd qəbiristanlığında salınmış Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
Yanvarın 21-də şəhidimizin anası Allahyarova Dilbazi Abuzər qızı dünyasını dəyişib. Yanvarın 22-də şəhidimizin anasının dəfn mərasimi olub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla birlikdə şəhidimizin ata ocağında olub. Rayon rəhbərliyi şəhid anasının dəfn mərasimində iştirak edib və mərhumun ailəsinə başsağlığı verib.
İcra başçısı Rəcəb Babaşov mərhum Dilbazi Allahyarovanın vəfatından kədərləndiyini bildirib, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. Qeyd edilib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Nə qədər Azərbaycan xalqı var Sayad Allahyarov kimi qəhrəmanlarımız daim qəlblərdə yaşayacaq. Şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqları vurğulanıb.