İcra başçısı sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən yaralanan əsgər Ülvi Quluyevin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə maraqlanıb
2022-ci il sentyabrın 12-dәn etibarәn Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan şəhidlərimizlə yanaşı, yaralılarımız da oldu. Qazaxın mərd oğulları da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına döyüşdülər. Döyüş meydanında göstərdikləri şücaətlə adlarını hərb tariximizə qızıl hərflərlə yazdılar. Döyüş zamanı Qazax rayonundan olan 13 nəfər hərbi qulluqçumuz müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Döyüşdə sinəsini düşmən gülləsinə sipər edən oğullarımızdan biri də Abbasbəyli kənd sakini, əsgər Quluyev Ülvi Babək oğludur. Bütün hərbçilərimiz kimi Ülvi Quluyev də düşmən təxribatının qarşısını alarkən ölümün gözünə dik baxaraq, torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşub. Yanına mərmi düşməsi nəticəsində sağ ayağından yaralanıb, aldığı xəsarətdən sağ ayağı topuqdan aşağı amputasiya olunub. Hazırda vəziyyəti normaldır, müalicəsini ev şəraitində davam etdirir.
Bu gün hər birimiz Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda sağlamlığını itirən Ülvi Quluyev kimi oğullarımızla qürur duyuruq. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, Birinci Qarabağ və Vətən müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Ülvi Quluyev də dövlətin qayğısı ilə əhatə olunub. Həmin qayğının nəticəsidir ki, bu gün yaralımızın yaşadığı ev əsaslı şəkildə təmir olunur.
Oktyabrın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yaralımızın evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, 2 otağın təmiri başa çatıb, 1 otaq və zalda isə son tamamlanma işləri aparılır. Qeyd edilib ki, evin yarımçıq qalan hörgü işi başa çatdırılaraq dam örtüyü vurulub. Otaqların döşəmə və tavanı vurulub, yeni plastik qapı və pəncərələr qoyulub. Bütün otaqlar yüksək səviyyədə təmir edilib.
Yaralımızın atası ilə səmimi söhbət edən icra başçısı onların tək olmadığını, dövlətin yanlarında olduğunu qeyd edib. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqının Ülvi kimi qəhrəman oğullarımızla fəxr etdiyini söyləyib. 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanı bahasına işğaldan azad edilən torpaqlarımızın ərazi bütövlüyünü Ülvi kimi igid oğullarımızın qoruduğunu bildirib.
Yaralımızın atası Babək Quluyev övladı ilə çiyin-çiyinə torpaqlarımızı qoruyan bütün hərbçilərimizlə fəxr etdiyini dilə gətirib. Bir ata kimi övladına, eləcə də digər hərbçilərimizə, yaralılarımıza göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Övladının və ailəsinin ziyarət olunmasını, bu gün yaşadıqları evin təmir edilməsini hərbçilərimizə, yaralılarımıza olan dövlət qayğısının əyani sübutu kimi qiymətləndirib.
Məlumat üçün qeyd edək ki, əsgər Quluyev Ülvi Babək oğlu 21 dekabr 2003-cü ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olub. 2010-cu ildə Qazax rayon Abbasbəyli kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olub, 2014-cü ildə Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 5-ci sinifində təhsilini davam etdirib. 2021-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. Orta təhsillidir. 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. KOMANDO hərbi hissəsində xidmət edib. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə iştirak edib. Yanına mərmi düşməsi nəticəsində sağ ayağından yaralanıb. 13.09.2022-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilərək orada sağ ayağı topuqdan aşağı amputasiya olunub. Hazırda vəziyyəti normaldır, müalicəsini ev şəraitində davam etdirir.