İcra başçısı subartezian quyularının və nasos stansiyasının mövcud vəziyyəti ilə maraqlanıb
Cənab Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına uyğun olaraq respubikamızın bütün bölgələrində abadlıq və quruculuq işləri aparılır. Həmin proqrama əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrası yekunlaşmaq üzrədir. Ölkə başçısının qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra edilən layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Qazax şəhərində 1970-ci illərdə yaradılmış ilk mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşdüyündən mövcud tələbatı qarşılamaq iqtidarında deyildi. Bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində yeni infrastruktur yaradılıb. Belə ki, Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində 12 ədəd subartezian quyusu qazılıb, quyulararası su xətləri inşa edilib. Mənbədən götürülən suyun anbarlara ötürülməsi məqsədilə nasos stansiyası tikilib. Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün ümumi tutumu 10 min kubmetr (hər biri 5 min kubmetr) olan su anbarı inşa olunub. Şəhərdə yaranan tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikilib.
Bu gün əminliklə qeyd edə bilərik ki, su və kanalizasiya sistemlərinin çəkilməsinə başlanılan ilk gündən rayon rəhbərliyi bu sahəni daim diqqət mərkəzində saxlayır. Görülən işlərin mövcud vəziyyətinə dair keçirilən görüşlər, iclaslar, eləcə də çəkiliş aparılan ərazilərə yerində baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bu dediklərimizin bariz nümunəsidir.
İyulun 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Natiq Əhmədov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynovla birlikdə Qazax şəhəri və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində qazılmış subartezian quyusunda, mənbədən götürülən suyun anbarlara ötürülməsi məqsədilə tikilmiş nasos stansiyasında görülmüş işlərin, nasos stansiyasındakı motorların mövcud vəziyyəti ilə yerində tanış olub.
Nasos stansiyasındakı motorlardakı nasazlığın qısa bir vaxtda aradan qaldırılmasını bildirən rayon rəhbəri müvafiq tapşırıqlarını verib. İcra başçısı bütün işlərin kökündə vətəndaş amilinin, məmnunluğunun, əhalinin 24 saat dayanıqlı su ilə təminatının dayandığını qeyd edib.
“Azərsu” ASC-nin “Bakı Sukanal” İdarəsinin mexanika şöbəsinin rəis müavini Yaşar Həsənov görülmüş işlər barədə məlumat verərək motorlardakı mövcud nasazlığın və suyun verilməsində olan fasilələrin tez zamanda aradan qaldırılacağını bildirib.