İcra başçısı və “Azərsu” ASC-nin əməkdaşları Kəmərli, Qaymaqlı, Aslanbəyli kəndlərində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıblar
Ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinləri suya olan tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər.
Təsdiqlənmiş layihəyə uyğun olaraq Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq.
Hazırda “Azərsu” ASC tərəfindən sözügedən kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su anbarlarının inşası, həmçinin, su xətlərinin çəkilişi davam edir.
Mayın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətində idarə rəisinin müavini İlham Quliyev və digər əməkdaşlar Kəmərli, Qaymaqlı, Aslanbəyli kəndlərində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə görülən işlərin mövcud vəziyyəti ilə tanış olublar. Su anbarlarının tikintisi, eləcə də su xətlərinin çəkilişi ilə bağlı görülmüş işlərin icra vəziyyəti yerində müzakirə olunub.
Kənd sakinləri ölkəmizdə vətəndaşlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər. Uzun illərdir mövcud olan içməli su probleminin aradan qaldırılmasına görə ölkə başçısına, əməyi, əziyyəti keçən insanlara razılıqlarını ifadə edirlər.