Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı və “Azərsu” ASC-nin əməkdaşları Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə görülən işlərlə yerində tanış olublar

18 aprel 2023 | 18:35

Xəbər verdiyimiz kimi, ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinləri suya olan tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər.

Təsdiqlənmiş layihəyə uyğun olaraq Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Layihə çərçivəsində 14 km magistral, 76 km  km şəbəkə su xətlərinin inşası layihələndirilib. Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərində əhalinin ümumi istifadəsi üçün 496 ədəd bulaq quraşdırılacaq.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq. 

Hazırda “Azərsu” ASC tərəfindən sözügedən kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə bulaq komplekslərinin və su anbarlarının inşası, həmçinin, su xətlərinin çəkilişi davam edir.

Aprelin 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətində idarə rəisinin müavini İlham Quliyev və digər əməkdaşlar Kəmərli, Qaymaqlı, Aslanbəyli kəndlərində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə görülən işlərlə tanış olublar. Bulaq kompleksləri və su anbarlarının tikintisi, eləcə də su xətlərinin çəkilişi ilə bağlı görülmüş işlərin icra vəziyyəti yerində müzakirə olunub.  

Kənd sakinləri ilə görüşən qonaqlar onları narahat edən məsələləri də dinləyiblər. Kənd sakinləri öncə ölkəmizdə vətəndaşlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Uzun illərdir mövcud olan içməli su probleminin aradan qaldırılmasına görə ölkə başçısına, əməyi, əziyyəti keçən insanlara razılıqlarını ifadə ediblər.

Sakinlər Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərinin mövcud relyefinin nəzərə alınmasını, bulaq layihəsinin gələcəkdə effekt verməyəcəyini bildiriblər. Buna görə də bulaq layihəsinin ləğv edilərək hər bir evə sayğac quraşdırılmaqla fərdi qaydada su xəttinin çəkilməsini xahiş ediblər.  

Vətəndaşları dinləyən qonaqlar səslənən fikirlərə, təkliflərə həssaslıqla yanaşılacağını, çoxsaylı müraciətləri nəzərə alaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağını bildiriblər.

Keçidlər