Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi əlili Namiq Qocayevin atasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib

11 oktyabr 2024 | 15:27

Müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılan 2020-ci il illər ötsə də hər zaman qürurla xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsində 44 günə Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.

Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə, müharibə iştirakçılarına minnətdar olmalıyıq. 

44 günlük Vətən müharibəsində qazanılan qələbədə payı olan oğullarımızdan biri də döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Çaylı kəndinin igid oğlu Qocayev Namiq Xanbaba oğludur. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı yaralanmış N.Qocayev 3-cü dərəcəli Vətən müharibəsi əlilidir.

Oktyabrın 9-da igid Vətən oğlunun atası Qocayev Xanbaba Qinyaz oğlu vəfat edib. Bu gün mərhumun üç mərasimi olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Çaylı kəndində olub, mərhumun üç mərasimində iştirak edib.

İcra başçısı Rəcəb Babaşov mərhum Xanbaba Qocayevin vəfatından kədərləndiyini bildirib, Namiq Qocayevə və yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə, müharibə əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.

Keçidlər