Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi şəhidi Elşən Orucovun doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib

06 avqust 2022 | 16:00

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Bu, o zəfərdir ki, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız 44 günlük müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya göstərdilər. 

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.

Vətən müharibəsi şəhidi (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlu da qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid oğullarımızdandır. 

Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Elşən Orucovun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 31 yaşı tamam olacaqdı... Qəhrəman şəhidimizin doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib. 

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, onların əziz xatirələrini ehtiramla anır.

Ənənəsinə sadiq qalan rayon rəhbəri bu gün Vətən müharibəsi şəhidi Elşən Orucovun cənnətdəki doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, şəhidimizin ailə üzvləri, yaxınları ilə birlikdə şəhidimizin dəfn olunduğu Xanlıqlar kənd qəbiristanlığında məzarını ziyarət edərək igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.

İgid Vətən oğlunun ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar şəhidimizin evində olub, torpaq uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan rayon rəhbəri həmin zəfərdə payı olan Elşən kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Elşən tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağını vurğulayıb.

“Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı hər birimiz üçün örnək olmalıdır”, - deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz həmin dövlət qayğısının dayandığını qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını söyləyib.

Şəhid anası Dürdanə Orucova hər zaman onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Elşənin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. “Oğlum Elşən hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir”, - deyən şəhid anası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib.

Keçidlər