Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi şəhidi Merik Mustafayevin babasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib

05 iyun 2024 | 17:20

2020-ci ildə sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan xalqı özünün keşməkeşli tarixinin daha bir şanlı səhifəsini yazdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü tam təmin etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək xalqımıza böyük tarixi Qələbəni bəxş etdilər. Azərbaycan dövlətinin və şanlı ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər. Bütün dünyaya səs salan Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük Qələbəni bizlərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri yaşatdı. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütün Azərbaycanın adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq.

Vətən müharibəsində qazandığımız Qələbədə payı olan igid oğullarımızdan biri də 25 yaşında Şəhidlik zirvəsinə ucalmış əsgər Mustafayev Merik Musa oğludur.

İyunun 4-də qəhrəman şəhidimizin babası Mustafayev Şahvələd Merik oğlu dünyasını dəyişib. Mərhum iyunun 5-də Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Birinci Şıxlı kəndində şəhidimizin ata ocağında olub, dəfn mərasimində iştirak edərək ailəsinə və yaxınlarına başsağlığı verib.

İcra başçısı Rəcəb Babaşov mərhum Şahvələd Mustafayevin vəfatından kədərləndiyini bildirib, şəhidimizin atası Musa Mustafayevə və yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm, dəyanət diləyib. İcra başçısı ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib. 

Şəhid Merik Mustafayev 5 noyabr 1995-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2015-ci ildə isə tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. “N” saylı hərbi hissənin atıcısı hərbi vəzifəli əsgər Merik Mustafayev 26.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 27.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.

Bütün şəhidlərimiz kimi Merik Mustafayevin də göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhid əsgərimizin də adı var. Merik Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər