İcra başçısı vətəndaşı müraciətinə əsasən qəbul edib
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna nümunədir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Avqustun 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Hüseynbəyli kəndində qeydiyyatda olan Nəbiyeva Humay Razim qızını işlə təmin edilməsində köməklik göstərilməsi barədə müraciətinə əsasən qəbul edib. Qəbul zamanı vətəndaşla müvafiq söhbət aparılaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etməsi tövsiyə edilib.