İcra başçısı vətəndaşları fərdi qəbul edərək müraciətlərini dinləyib
Cənab Prezident İlham Əliyev hər zaman öz çıxışlarında səsləndirir ki, “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, həmişə bizim siyasətimizin ana xəttini müəyyən edən istiqamətdir. Çünki mən uzun illərdir deyirəm və bunu əməli işlərdə də biz görürük ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, sadəcə olaraq, şüar deyil. Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür”. Ölkə başçısının bu sözləri bu gün hər bir dövlət məmuru üçün iş fəaliyyətlərində bir yol xəritəsidir. Ən önəmlisi isə odur ki, ölkə başçısının rəhbərliyi altında bu gün müstəqil, suveren Azərbaycanımızda həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə əks olunur. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır.
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.
Fevralın 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Birinci Qarabağ müharibəsində şirin canından keçən qəhrəman şəhid, Quşçu Ayrım kəndinin igid oğlu Cəfərov İlqar Dursun oğlunun ailə üzvlərini qəbul edərək onların qayğıları ilə maraqlanıb. Rayon rəhbəri şəhidin anası Cəfərova Salatın Məsim qızının vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşlarına, bacılarına, mərhumun övladlarına, yaxınlarına bir daha dərin hüznlə başsağlığı verib. İcra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını diqqətə çatdırıb. İcra başçısı həmçinin, rayonun Quşçu Ayrım kəndindən müraciət etmiş vətəndaşı istəyinə əsasən fərdi qəbul edib, onun müxtəlif məzmunlu müraciətini dinləyərək müvafiq olaraq cavablandırıb.







