İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib
Dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda bunu hər zaman hiss edirik. Ölkə başçısının vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr bu məqsədə xidmət edir.
Vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Noyabrın 30-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər sakini Mustafayev Aqil İsmayıl oğlunu, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan, ölümündən sonra ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunmuş, Qarapapaq kənd sakini gizir Əhmədov Elvin Qələndər oğlunun ailəsini fərdi şəkildə qəbul edib, müxtəlif məzmunlu müraciətlərini dinləyərək müvafiq olaraq cavablandırıb.