İcra başçısı vətəndaşları qəbul edib
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı bu gün hər bir dövlət məmuruna örnəkdir. Ən əsası isə bu qayğı onu söyləməyə əsas verir ki, vətəndaş məmnunluğunun təmin olunması dövlət siyasətinin ana xəttini təşkil edir. Eyni zamanda, bütün işlərdə vətəndaş amilinin əsas götürülməsi ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrdə də öz əksini tapır.
Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Sentyabrın 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov daha bir qrup vətəndaşı istəklərinə əsasən fərdi şəkildə qəbul edib.
Xanlıqlar kənd sakini Məmmədov Mikayıl İsmayıl oğlunun, Dəmirçilər kənd sakini Qənbərov Sirac Əşrəf oğlunun müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.