İcra başçısı vətəndaşların müraciətlərini dinləyib
Ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss olunur. Bu, eyni zamanda, həm də hər bir dövlət məmuruna örnəkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır.
Oktyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər sakinləri, Bənnayeva Solmaz Musa qızını və Adamov Akif Hətəm oğlunu fərdi şəkildə qəbul edərək onların müxtəlif məzmunlu müraciətlərini dinləyib və müvafiq olaraq cavablandırıb.