İcra başçısı vətəndaşların müxtəlif səpkili müraciətlərini dinləyib
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan qayğıları, ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaş məmnunluğunun əsas götürülməsi bu gün hər bir dövlət məmuru üçün örnək olmalıdır. Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbəri tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.
Bu həftə ərzində müraciət etmiş daha bir qrup vətəndaşın istəyi iyunun 3-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib.
"Vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun bir nömrəli işi olmalıdır”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu amilin bundan sonra da əsas götürüləcəyini vurğulayıb. İcra başçısı bugünkü qəbulun da məhz bu məqsədi daşıdığını, vətəndaşlara olan səmimi münasibətin, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da əvvəlki tək olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib.
"Tutduğu vəzifədən asılı olmadan hər bir dövlət məmuru birmənalı olaraq bilməlidir ki, vətəndaş müraciət etdiyi müəssisədən məmnunluqla ayrılmalıdır”, - deyən icra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib. Bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sonra Qazax şəhəri, eləcə də rayonun Yuxarı Əskipara, Ürkməzli, Daş Salahlı, Aşağı Salahlı, Barxudarlı, Sofulu, Çaylı, Qazaxbəyli, Orta Salahlı kəndlərindən olan 14 nəfər vətəndaşın müxtəlif səpkili müraciətləri dinlənilib.
Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı ilə əlaqə saxlamaları bildirilib. "Saloğlu” mebel fabrikində, eləcə də Məşğulluq Mərkəzində olan digər boş vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların müalicə edilməsinə, əlillik dərəcəsinin bərpa olunmasına köməklik göstərilməsi, eləcə də digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.