İcra başçısı Xanlıqlar kəndində vətəndaşların müraciəti ilə yerində tanış olub
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amilinin, vətəndaş məmnunluğunun təşkil etməsi hər bir dövlət məmuruna nümunədir. Ən önəmlisi də bu, ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələrdə əks olunur ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir.
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr bunun əyani sübutudur.
Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Qazax Rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən edilən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.
Mayın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Xanlıqlar kəndində məskunlaşmış bir qrup Yuxarı Əskipara kənd sakinini, eləcə də Xanlıqlar və Bala Cəfərli kənd sakinlərini içməli su xəttində yaranan problemlə bağlı fərdi qəbul etməsi, qaldırılan məsələnin həlli istiqamətində müvafiq tapşırıq verməsi və gün ərzində həmin tapşırığın nəticəsinə yerində baxış keçirməsi rayonda vətəndaş amilinin əsas götürülməsinin bariz nümunəsidir.
Günün ikinci yarısında rayon rəhbərinin verilmiş tapşırığın nəticəsi ilə yerində maraqlanması, edilən müraciətin müsbət həll olunması rayonda vətəndaş məmnunluğunun təmin edilməsi deməkdir.
Rayon rəhbəri ilə səmimi söhbət edən kənd sakinləri onlara göstərilən qayğıya, eləcə də etdikləri müraciətə operativ şəkildə baxılmasına və müsbət həll olunmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.