İcra başçısı Yuxarı Salahlı kəndində Vətən uğrunda canlarından keçən kənd şəhidlərinin xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksində aparılan son tamamlanma işləri ilə tanış olub
Şəhid olmaq adi ölüm deyil, Vətən, torpaq uğrunda canından keçmək, bu yolda özünü qurban vermək deməkdir. Şəhidlik zirvəsinə ucalmaq ulularımızdan bizlərə miras qalan torpağa, Vətənə, müqəddəs dəyərlərimizə sahib çıxmaqdır. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazaxda torpaqlarımızın ərazi bütövlüyü uğrunda 344 nəfər igid Vətən olğu şəhid olub. 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları 44 günlük Vətən müharibəsində də bunu bir daha sübut etdilər. 44 günlük haqq savaşında Qazaxın 52 nəfər qəhrəman oğlu Vətən, yurd, torpaq naminə canından keçdi. Və bir daha nümayiş etdirdilər ki, "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən Qazaxın qeyrətli oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Rayonun Yuxarı Salahlı kəndi də hər zaman qeyrətli oğulları ilə tanınıb. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayan gündən bu kəndin igid oğulları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçməyi düşünmədən daim gözə alıblar. Torpaqlarımızın bütövlüyü naminə aparılan müharibədə Yuxarı Salahlı kəndi 18 nəfər şəhid verib. Bu gün Yuxarı Salahlının Aprel döyüşlərində şəhid olan baş leytenant Namazov Elvin Məmməd oğlu, İyul döyüşlərinin qəhrəmanı mayor Əhmədov Namiq Hajan oğlu, 44 günlük Vətən müharibəsi şəhidləri baş gizir Hacıyev Teymur Zaur oğlu, leytenant Bayramlı Elmar İsa oğlu, MAHHXHQ əsgər Abdullayev Taleh Temraz oğlu, eləcə də Birinci Qarabağ müharibəsində neçə-neçə igid oğulları torpaqlarımızın ərazi bütövlüyünü canlarından üstün tutublar.
Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən oğullarının adlarını yaşatmaq, gələcək nəsillərə nümunə göstərmək üçün həyata keçirilən məqsədyönlü tədbirlər Yuxarı Salahlı kəndinin sakinləri, aktiv fəalları tərəfindən də minnətdarlıqla qarşılanır. Rayonda bu sahədə görülən işlər kənd fəalları tərəfindən də nümunə və örnək götürülür. Bunun nəticəsidir ki, kənd fəalları və kənd bələdiyyəsi tərəfindən kənd şəhidlərinin adlarının əbədiləşdirilməsi üçün bulaq-abidə kompleksi inşa olunub. Yuxarı Salahlı kəndinin girişində inşa edilən bu möhtəşəm kompleks şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsidir.
Noyabrın 1-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, rayonun hüqua-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə bulaq-abidə kompleksində aparılan son tamamlanma işləri ilə tanış olub. Görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.