Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının aprel ayında keçirilən növbəti səyyar görüşü şəhər sakinləri ilə olub

16 aprel 2024 | 22:27

Respublika Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

İcra başçısının 2024-cü ilin aprel ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Qazax şəhəri Səməd Vurğun küçəsi və Heydər Əliyev prospektində yerləşən hərbi şəhərcikdə yaşayan sakinlərlə olub. Aprelin 16-da Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, şəhər sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayıb, 44 gün sonra hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsində, istərsə də digər döyüşlərdə canlarından keçən şəhidlərin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.

Rayon rəhbəri son illər "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına əsasən respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda aparılan genişmiqyaslı abadlıq işlərindən söz açıb.

Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb. Şəhərin Səməd Vurğun küçəsinin də həmin abadlaşan küçələr sırasında dayandığını, küçədə asfalt örtüyünün vurulduğunu, səkilərə tamet döşəndiyini, müasir işıqlandırma sisteminin quraşdırıldığını, rabitə xəttinin yeniləndiyini, optik internet xəttinin çəkildiyini bildirib. Şəhərdə küçələrin asfaltlanmasının və işıqlandırılmasının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Rayon rəhbəri şəhərdə Mənzil İstismar Sahəsinin balansında olan çoxmənzilli yaşayış binalarının blok və fasadında təmir işlərinin aparıldığını, dam örtüyünün dəyişdirildiyini, sözügedən binaların “Abad məhəllə” kimi sakinlərə təqdim olunduğunu bildirib. Eləcə də Heydər Əliyev prospektində yerləşən hərbi şəhərcikdə olan binaların təmir olunduğunu söyləyib. Həmçinin, S.Vurğun küçəsində Mənzil İstismar Sahəsinin balansında olan evlərin dam örtüyünün dəyişdirildiyini, təmir olunduğunu qeyd edib.

Bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsinin də diqqətdə saxlanıldığını, Qazax Rayon Mərkəzi Xəstəxanasının tikilməsini bu sahədə görülmüş işlərin əyani sübutu olaraq göstərib.

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını qeyd edib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını, Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan diqqət və qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşası, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Lisey binasının sökülərək yenidən tikilməsi dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. 

İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərdən də söz açıb. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının bariz nümunəsi kimi göstərib. İcra başçısı bu gün həmin təmirli bağçalardan 6-nın məhz şəhərdə olduğunu bildirib. 

İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi, bu gün Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyət göstərməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə, ADA Universitetinin rektoruna təşəkkürünü çatdırıb.

Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq ali təhsil ocaqlarında, rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın narkomaniyaya, eləcə də erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib.

Sakinlər onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimləri bu gün də məktəbin əsaslı şəkildə yenidən qurulmasını minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Görüşdə iştirak edən sakinlər son illər rayonda, eləcə də yaşadıqları küçədə, binaların həyətində daim yeniliklərin, aparılan abadlıq işlərinin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti razılıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə sakinlər adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlərin Heydər Əliyev prospektində yerləşən hərbi şəhərcikdə olan binaların həyətində əlavə oturacaqların qoyulması ilə bağlı, eləcə də müxtəlif məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin nəzarətə götürüləcəyi, həlli istiqamətində lazımi addımlar atılacağı qeyd edilib.

Keçidlər