İcra başçısının avqust ayında keçirilən ilk səyyar görüşü Qazax şəhəri Hüseyn Arif küçəsi 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarında yaşayan sakinlərlə olub
Bu gün müstəqil Azərbaycanda aparılan dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə öz real əksini tapır.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər məhz bu məqsədi daşıyır. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
İcra başçısının avqust ayında keçirilən ilk səyyar görüşü Qazax şəhəri Hüseyn Arif küçəsində yerləşən “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarında yaşayan sakinlərlə olub.
Avqustun 3-də keçirilən səyyar görüşdə 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, bina sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. “Hər bir dövlət məmurunun vəzifə borcudur ki, ölkə başçısının xalqa, vətəndaşına olan sevgisini olduğu kimi çatdırsın”, - deyən rayon rəhbəri bu cür görüşlərin təməlində məhz həmin diqqət və qayğının dayandığını dilə gətirib.
İcra başçısı son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına uyğun olaraq respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini, bunu Qazaxda aparılan abadlıq işlərinin timsalında aydın şəkildə görmək olduğunu bildirib. Xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasını, səkilərə yeni tamet, bardür düzülməsini qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasını qeyd edib. Rayonda həyata keçirilən quruculuq işlərindən söz açan icra başçısı “Hərbi şəhərcik” adlanan yaşayış massivində yerləşən binaların da blok və fasadında təmir işlərinin aparıldığını, dam örtüyünün dəyişdirildiyini, binaların həyətinə yeni asfalt örtüyünün vurulduğunu diqqətə çatdırıb. Rayon rəhbəri bu gün şəhərin bir neçə küçəsində müasir işıqlandırma sisteminin quraşdırıldığını, SİP kabelləşmə işinin və müasir internet xəttinin çəkildiyini, bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhərin digər küçələrində asfalt örtüyünün vurulmasının nəzərdə tutulduğunu qeyd edib.
Rayon rəhbəri narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işlərdə səfərbər olmasını tövsiyə edib.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Millət vəkili ölkə rəhbərliyinin qayğısı sayəsində bütün regionlarımız kimi, Qazaxın da abadlaşan, gündən-günə gözəlləşən rayonlar sırasında olmasını minnətdarlıq hissi ilə qeyd edib. Qazaxa hər səfəri zamanı rayonda olan yenilikləri gördükcə bir vətəndaş və qazaxlı kimi qürur hissi keçirdiyini söyləyib. Vətəndaşlarla olan hər görüşdə məmnunluq hissini duyduğunu qeyd edib. Qazaxda aparılan abadlıq işlərinə, vətəndaşlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkür edib.
Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva çıxış edərək sakinləri salamlayıb, ürək sözlərini çatdırıb. Millət vəkili doğma Qazaxda aparılan genişmiqyaslı abadlıq işlərini qürur hissi ilə qeyd edərək ölkə rəhbərinin bölgələrimizə olan qayğısı kimi qiymətləndirib. Qazaxda vətəndaş amilinin hər zaman ön planda tutulmasına görə rayon rəhbərliyinə razılığını ifadə edib.
Sakinlər onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də yaşadıqları “Hərbi şəhərcik” adlanan yaşayış massivində daim yeniliklərin, binaların əsaslı şəkildə təmir olunmasının, ən son binaların həyətinə yeni asfalt örtüyünün vurulmasının əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə bina sakinləri adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinləri narahat edən məsələlər dinlənilib. Qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağı müsbət həll edilməsi istiqamətində lazımi addımlar atılacağı bildirilib.