Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının fevral ayında vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü şəhər sakinləri ilə olub

25 fevral 2026 | 23:51

Respublika Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

İcra başçısının 2026-cı ilin fevral ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü Qazax şəhərində yaşayan sakinlərlə olub. Fevralın 25-də Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, şəhər sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, müqəddəs Ramazan ayının başlanması münasibətilə səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Rayon rəhbəri ötən illər ərzində 3 səyyar görüş keçirildiyini, həmin görüşlərdə 3 nəfər vətəndaş tərəfindən 3 məsələ qaldırıldığını, həmin məsələlərdən 3-nün də müsbət həllini tapdığını söyləyib.

Rayon rəhbəri Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 23 fevral 2026-cı il tarixli Sərəncamının dahi şairin timsalında bütün yazarlara, şairlərə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib, buna görə ölkə başçısına razılığını ifadə edib. Xalq şairinin adını daşıyan 2 nömrəli tam orta ümumtəhsil məktəbin də yubiley çərçivəsində öz töhfələrini verəcəklərinə əminliyini qeyd edib.

Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb. Şəhərin bir çox küçəsində asfalt örtüyünün vurulduğunu, səkilərə tamet döşəndiyini, müasir işıqlandırma sisteminin quraşdırıldığını, rabitə xəttinin yeniləndiyini, optik internet xəttinin çəkildiyini bildirib. Şəhərdə küçələrin asfaltlanmasının və işıqlandırılmasının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin əsaslı şəkildə yenidən qurulmasını dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısı kimi dəyərləndirib. İcra başçısı rayonda bağçalarla bağlı görülən işlərdən də söz açıb. Son illər rayonda şəhər və kəndlər üzrə mövcud olan 26 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunmasını körpələrə olan dövlət qayğısının bariz nümunəsi kimi göstərib. İcra başçısı bu gün həmin təmirli bağçalardan 6-nın məhz şəhərdə olduğunu bildirib. 

Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Ölkə başçısının yüksək dövlət qayğısı sayəsində, Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəhbərliyi altında Qazaxda idmanın inkişaf etdirilməsi istiqamətində bundan sonra da məqsədyönlü işlər görüləcəyini, idman yarışlarının, turnirlərin keçirilməsi üçün lazımi addımların atılacağını söyləyib. Rayon rəhbəri Qazaxda keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar keçirilməsi nəzərdə tutulan tədbirlərin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunacağını söyləyib. İcra başçısı "Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılmasını və “Tədbirlər Planı”nın təsdiq edilməsini bu istiqamətdə görülmüş işlərin əyani sübutu kimi qiymətləndirib. İcra başçısı idman paytaxtının mart ayında açılış mərasiminin keçiriləcəyini, hazırda hazırlıq işlərinə start verildiyini bildirib.

İcra başçısı rüşvətxorluğa və korrupsiya hallarına qarşı aparılan mübarizə tədbirlərindən söz açaraq ölkə Prezidentinin rəhbərliyi altında respublikamızda bu sahədə görülən işlərin Qazaxda yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, rayonda şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görülür. Rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunması, neqativ halların aradan qaldırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr hər bir dövlət məmurunun, idarə, müəssisə və təşkilat rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edir.

Sakinlər onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimləri bu gün də məktəbin əsaslı şəkildə yenidən qurulmasını minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Görüşdə iştirak edən sakinlər son illər rayonda, eləcə də yaşadıqları küçədə, binaların həyətində daim yeniliklərin, aparılan abadlıq işlərinin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti razılıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə sakinlər adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin nəzarətə götürüləcəyi, həlli istiqamətində lazımi addımlar atılacağı qeyd edilib.

Keçidlər