İcra başçısının iyul ayı üzrə vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Orta Salahlı kəndində olub
Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu deməyə əsas verir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir.
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra edilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından etibarən bərpa edilən Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbulları da bu məqsədə xidmət edir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının iyul ayı üzrə vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü Orta Salahlı kəndində olub.
İyulun 7-də rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə ölkə rəhbərinin vətəndaşlara olan qayğısından söz açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını qeyd edib. Bugünkü səyyar görüşün əsas məqsədinin kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
İcra başçısı bütün kəndlərimiz kimi, Orta Salahlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. 6 nəfər Birinci Qarabağ müharibəsi, 3 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Orta Salahlı kəndindən 55 nəfərin iştirak etdiyini, onlardan 24 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Həmin müharibədə qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını bildirib. Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid əsgər Vəliyev Anar Həmzə oğlunun göstərdiyi şücaətin gələcək nəsillərə örnək olacağını vurğulayıb. Döyüşlərdə 10 nəfərin yaralandığını bildirən icra başçısı şəhid ailələri kimi, onların da daim qayğı ilə əhatə olunduqlarını vurğulayıb. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. "Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə qayğı göstərirsə, şəhidlərimizin, onların ataları, anaları qarşısında baş əyirəm söyləyirsə, Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru, eləcə də hər bir vətəndaş üçün örnək olmalıdır”, - deyən rayon rəhbəri Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Orta Salahlı kəndində də əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Orta Salahlı kəndində əkin sahəsinin 420 hektardan 732 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Orta Salahlı kəndində xeyli işlər görüldüyünü bildirib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib. Bütün kəndlərdə, o cümlədən də Orta Salahlı kəndində mövcud olan sudan qənaətlə, səmərəli istifadə edilməsi üçün gündüz və gecə növbəliyinin təşkil olunduğunu, suvarma ilə bağlı reydlər aparıldığını vurğulayıb.
Ötən illər ərzində Orta Salahlı kəndində sakinlərlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri bu günə kimi səslənən hər bir müraciətə həssaslıqla yanaşıldığını söyləyib. Kənddə ən böyük problemlərdən olan içməli su probleminin aradan qaldırıldığını bildirib.
Təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açan icra başçısı Orta Salahlı kənd tam orta məktəbin təmir olunmasının nəzərdə tutulduğunu, Dövlət Proqramında da əksini tapdığını söyləyib. İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Orta Salahlı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. Bundan əlavə, Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması üçün aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını, məktub ünvanlandığını vurğulayıb.
Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyan barədə gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı istər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.
Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Sakinlərdən Nəbi Babacanov, Nazim Qınnayev, III dərəcəli Vətən müharibəsi əlili Turac Nəzərov və başqaları onlarla görüşə gəldiyinə, ilk gündən göstərilən qayğının bu gün də davam etdirilməsinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər rayonda, o cümlədən də Orta Salahlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildiriblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Səid Abdulkərimovun əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün 10 KV-luq Aşağı Salahlı hava xəttinin Qazaxbəyli yarımstansiyasına qoşulması, Afiq Məmmədovun 270 şagird yerlik Orta Salahlı kənd tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib.