İcra başçısının iyul ayında vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü Canalı kəndində olub
Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, hər bir dövlət məmuruna örnəkdir. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, hər zaman vətəndaş amili, mövqeyi, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2023-cü ilin iyul ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü Canalı kəndində olub. İyulun 27-də Qazax rayon Canalı kənd tam orta məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
İcra başçısı Canalı kəndində keçirilən ötən səyyar görüşlərdə səslənən məsələlərin zamanla müsbət həllini tapdığını söyləyib. Kənddə uşaq bağçasının əsaslı təmir olunduğunu, əhalinin rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə 384 yerlik yeni ATS qurulduğunu, kənd avtomobil yolunun təmir edildiyini, subartezian quyusunun qazıldığını, eləcə də digər bir sıra məsələlərin müsbət həll edildiyini bildirib. Rayon rəhbəri qaldırılan məsələlərin müsbət həll edilməsinin arxasında vətəndaş məmnunluğunun dayandığını qeyd edib.
2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan və 44 gün sonra hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edənlərin heç zaman unudulmayacağını qeyd edib. Şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri bütün kəndlərimizdən olduğu kimi, Canalı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 2 nəfərin, Vətən müharibəsində 1 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Canalı kəndindən 30 nəfərin iştirak etdiyini, onlardan 10 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər Canalı kəndində təsərrüfatın inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, 2016-cı ildə kənddə əkin sahəsi 248 hektar idisə, bu gün 339,4 hektara çatdırılıb. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Canalı kəndində xeyli işlər görüldüyünü bildirib. Bu gün kənddə 10 ədəd subartezian quyusunun sakinlərə xidmət göstərdiyini, kənddə sakinlərin növbəlilik qrafikinə uyğun olaraq suvarma suyu ilə təmin olunduğunu bildirib.
İcra başçısı “Saloğlu” fərdi firmasına məxsus yeni inşa olunmuş “Venzana” mebel fabrikini ötən ilin uğurlu layihələrindən biri kimi dəyərləndirib. Həmin fabrikdə 500 nəfər işçiyə ehtiyac olduğunu qeyd edərək işləmək istəyən vətəndaşların “Saloğlu” fərdi firmasında hər həftənin şənbə günü təşkil olunmuş iş görüşməsində iştirak etmələrini tövsiyə edib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 25 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 3 nəfərin Vətən müharibəsi əlili, iştirakçısı və ailə üzvü, 22 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən icra başçısı bu istiqamətdə görülən işlərdən söz açıb. Canalı kəndində də elektrik dayaqlarının yenilənməsinə, SİP kabelləşmə işinin davam etdirilməsinə, rabitə xətlərinin yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq bu sahədə işlərin nəzərdə tutulduğunu bildirib. “Aztelekom” MMC-nin Canalı kəndi üzrə 270 abunəçisi olduğunu, 210 abunəçinin “Aztelekom”un internetindən istifadə etdiyini bildirib. Bundan əlavə, kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə kənd ərazisində “Azəronline” şirkəti tərəfindən fiber optik xəttin çəkilişi başa çatmış, 35 abunəçi yüksək sürətli internet xəttinə qoşulmuşdur.
Rayon rəhbəri narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işlərdə səfərbər olmasını tövsiyə edib.
Sakinlərdən Nazim Məmmədov, Faqət Mustafayev, Məzahir Nəsibov, Şakir Şabanov və başqaları son illər rayonda, o cümlədən Canalı kəndində görülən işlərə, ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə 14 km uzunluğunda olan kəndarası avtomobil yolunun cari təmir olunması ilə bağlı müraciətlərini dinləyən icra başçısı səslənən məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib. Həlli istiqamətində addımlar atılacağını söyləyərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.