Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının mart ayında vətəndaşlarla keçirilən ilk səyyar görüşü Ağköynək kəndində olub

01 mart 2024 | 22:16

Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, vətəndaş amili, vətəndaş məmnunluğu dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbulların arxasında da vətəndaş mövqeyi dayanır.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.

Mart ayında vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüş rayonun Ağköynək kəndində olub. Martın 1-də Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbdə keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin kənddə olan mövcud vəziyyəti öyrənmək, vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb. Rayon rəhbəri bütün kəndlərdə olduğu kimi, Ağköynək kəndində yaşayan sakinlərə, onların qaldırdıqları məsələlərə həssaslıqla yanaşıldığını bildirib.

İcra başçısı Birinci Qarabağ müharibəsində 7 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər, Vətən müharibəsindən sonra xidməti vəzifəsini yerinə yetirərkən 1 nəfər olmaqla, ümumilikdə torpaqlarımızın azadlığı uğrunda Ağköynək kəndinin 9 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Birinci Qarabağ müharibəsində 13 nəfərin müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açan icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. 44 günlük Vətən müharibəsində Ağköynək kəndindən 31 nəfərin iştirak etdiyini, onlardan 23 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu vurğulayıb. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı Qazaxda bütün şəhidlərimizin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri şəhərdə arxa küçələrin, o cümlədən Ağköynək kəndində kəndarası yolların asfaltlanmasının nəzərdə tutulduğunu bildirib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Ağköynək kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini bildirib. Kənddə internetin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəronline MB” LTD şirkəti tərəfindən fiber-optik internet xəttinin çəkildiyini, 220 abonentin  sürətli internetlə təmin olunduğunu söyləyib.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Ağköynək kəndində əkin sahəsinin artdığını, 2016-cı ildən bu yana kənddə əkin sahəsinin 378,3 hektardan 503,1 hektara çatdırıldığını söyləyib. 

Rayon rəhbəri Ağköynək kəndində sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Kənddə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 4 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu qeyd edib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Ağköynək kəndində xeyli işlər görüldüyünü bildirib. Arxların beton üzlüyə alınması ilə bağlı aidiyyəti qurumlara məktub ünvanladığını söyləyib. Bundan əlavə, bu il də suvarma arx və kanallarının təmizlənməsinin, mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, növbəlilik cədvəlinin tərtib olunmasının vacibliyindən söz açıb. Mövcud arx və kanallarda təmizlik işlərinin aparılması ilə əlaqədar kənd sakinlərinin maarifləndirilməsinin, onların  təmizlik işlərinin aparılması zamanı fəal iştirak etmələrinin vacibliyini qeyd edib. 

İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bariz nümunəsidir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, ADA Universitetinin rektoru Hafiz Paşayevə təşəkkürünü çatdırıb.

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 50 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 2 nəfərin şəhid ailəsinin üzvü, 14 nəfərin Vətən müharibəsi iştirakçısı və əlili, 34 nəfərin aztəminatlı ailə olduğunu qeyd edib.

Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın narkomaniyaya, eləcə də erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib. İcra başçısı məktəblərdə dərsə davamiyyətin mövcud vəziyyətindən söz açaraq bu məsələdə də valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Məktəb-müəllim-valideyn münasibətlərinin tənzimlənməsində hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməli olduqlarını söyləyib.

Kənd sakinləri onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də Ağköynək kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə 42 ailə üçün salınacaq yeni məhəlləyə elektrik və qaz xətlərinin çəkilişinə köməklik göstərilməsi, qəzalı vəziyyətdə olan Ağköynək kənd Diyarşünaslıq klubu üçün yeni binanın tikintisi, Ağköynək kəndində körpələr evi-uşaq bağçasının açılması, Qazax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin hazırlandığı zaman Ağköynək kəndi üzrə layihədən kənarda qalmış 242 fərdi yaşayış evinə su xəttinin çəkilməsi ilə bağlı müraciətləri dinlənilib. Səslənən məsələlərin nəzarətə götürüləcəyi, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı qeyd edilib. 

Keçidlər