Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının növbəti səyyar görüşü Qazax şəhəri Hüseyn Arif küçəsi 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarında yaşayan sakinlərlə olub

27 mart 2023 | 19:03

Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə öz əksini tapır. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər məhz bu məqsədi daşıyır. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

İcra başçısının növbəti səyyar görüşü martın 27-də Qazax şəhəri Hüseyn Arif küçəsində yerləşən “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarında yaşayan sakinlərlə olub. Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, bina sakinləri iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

Rayonda aparılan quruculuq işlərindən söz açan icra başçısı “Hərbi şəhərcik” adlanan yaşayış massivində yerləşən binaların da blok və fasadında təmir işlərinin aparıldığını, dam örtüyünün dəyişdirildiyini, binaların həyətinə yeni asfalt örtüyünün vurulduğunu diqqətə çatdırıb. 

Sakinlər onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də yaşadıqları “Hərbi şəhərcik” adlanan yaşayış massivində daim yeniliklərin, binaların əsaslı şəkildə təmir olunmasının, ən son binaların həyətinə yeni asfalt örtüyünün vurulmasının əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə bina sakinləri adından təşəkkürlərini çatdırıblar.

Görüşdə sakinlər tərəfindən qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağı, nəzarətə götürüləcəyi və müsbət həll edilməsi istiqamətində lazımi addımlar atılacağı bildirilib.

Keçidlər