Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Təcili Tibbi Yardım bölməsinin Acil şöbəsində və Ailə Sağlamlıq Mərkəzində yeni işə başlayan gənc həkimlərlə görüşüb

18 oktyabr 2022 | 10:04

Bu gün hər kəsə yaxşı məlumdur ki, son illər Qazaxda bütün sahələrlə yanaşı, səhiyyə sahəsi də daim diqqət ayrılan sahələrdəndir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də məhz səhiyyə sahəsidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi səhiyyə müəssisələrində olması, həkimlərlə, tibb işçiləri ilə görüşməsi, vətəndaşlara göstərilən səhiyyə xidmətləri ilə maraqlanmasıdır.

Oktyabrın 17-də rayon rəhbərinin “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Təcili Tibbi Yardım bölməsinin Acil şöbəsində, Ailə Sağlamlıq Mərkəzində yeni işə başlayan gənc həkimlər və digər şöbələrdə işləyən işçilərlə görüşməsi də səhiyyə sahəsində çalışan insanlara göstərilən qayğının davamıdır.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Təcili Tibbi Yardım bölməsinin Acil şöbəsində həkim-terapevt kimi çalışan, Azərbaycan Tibb Universitetinə (ATU) 621 balla daxil olub fərqlənmə diplomu ilə bitirən Qərənfil Nəbiyeva, 590 balla daxil olan Nəzrin Əliyeva, 662 balla daxil olan Mayis Gülməmmədov, Azərbaycan Tibb Universitetinə 550 balla daxil olub fərqlənmə diplomu ilə bitirən, Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi çalışan Gülarə Novruzlu, Bakı Dövlət Universitetinə 497 balla daxil olan, həmin universitetin magistraturasını fərqlənmə diplomu ilə bitirən, Ümumi şöbədə İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Xədicə Gülüyeva, o cümlədən Xəstə xidmətləri şöbəsində xəzinədar işi ilə təmin olunmuş, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək gənc həkimləri yeni fəaliyyətə başlamaları münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Əhalinin sağlamlığının keşiyində dayanan gənc həkimlərə gələcək işlərində uğurlar arzulayıb. Qeyd edib ki, bu gün özümə borc bildim ki, sizləri dəvət edim və tanış olum, qayğılarınızla maraqlanım. Çətin və şərəfli işinizdə sizə uğurlar arzulayım. Çünki rəhbər təyin olunduğum ilk gündən səhiyyə sahəsinə və tibb işçilərinə xüsusi qayğı ilə yanaşmaq fəaliyyətimin əsasını təşkil edir.

Gənc həkimlərlə səmimi söhbət edən icra başçısı onlara daim öz üzərilərində çalışmalarını, təcrübəli həkimlərdən bəhrələnməyi tövsiyə edib. Ölkəmizdə, eləcə də rayonda səhiyyə sahəsinin inkişafı naminə qarşılarına qoyduqları məqsədə çatmalarını, nümunəvi həkim kimi hər zaman xoş sədalarının gəlməsini arzulayıb. 

Ölkə Prezidenti tərəfindən yürüdülən gənclər siyasətindən, gənc kadrların önə çəkilməsi istiqamətində atılan uğurlu addımlardan söz açan icra başçısı gənclərin “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Təcili Tibbi Yardım bölməsinin Acil şöbəsində həkim-terapevt, Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi işə başlamalarını həmin işlərin bariz nümunəsi kimi qeyd edib.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun bariz nümunəsi olaraq 2020-ci il martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Qeyd edib ki, hər bir qazaxlı, xüsusilə də səhiyyə sahəsində çalışan hər bir işçi bu əlamətdar hadisəyə – yeni xəstəxananın istifadəyə verilməsinə görə bu gün də ölkə başçısına minnətdarlıq edir. Mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırırlar.

İcra başçısı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində, eləcə də 44 günlük Vətən müharibəsi dövründə tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini bildirib.

Gənc həkimlər də öz növbələrində çıxış edərək onlara verdiyi dəyərə görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, bugünkü görüş bir daha onu göstərdi ki, dövlətimiz səhiyyə sahəsinə xüsusi qayğı ilə yanaşır. Biz həkimlər bu gün sizin sayənizdə həmin qayğının şahidi olduq. Bu görüş biz həkimlər üçün ən böyük stimul oldu. Eyni zamanda üzərimizə böyük məsuliyyət hissi qoyur. Biz də çalışacağıq ki, öz üzərimizdə işləyərək xarici ölkələrdə təhsilimizi davam etdirək və dövlətimizin bizə olan etimadını öz nailiyyətlərimizlə doğruldaq.

Şəhid ailələrinə göstərilən qayğıya görə razılığını bildirən şəhid atası Qədir Əfəndiyev buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Bu gün şəhid atası kimi Qazax Rayon Mərkəzi Xəstəxanasında işlə təmin olunmasını şəhid ailələrinə göstərilən qayğının əyani sübutu kimi qeyd edib.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib. Gənc həkimlərlə olan bugünkü görüşü onlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda gənc həkimləri bir daha təbrik edərək müstəqil Azərbaycanın çiçəklənməsi və səhiyyənin inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıb.

Sonda icra başçısı gənc həkimlərlə xatirə şəkli çəkdirib. 

Keçidlər