İyun ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüş Xanlıqlar kəndində olub
Bu gün ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir ki, bu, bütün işlərdə, həyata keçirilən layihələrdə, atılan addımlarda öz real əksini tapır. Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir. Ən əsası da ölkəmizdə vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuru üçün örnəkdir.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbullarının arxasında da vətəndaş amili dayanır.
İyun ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüş Xanlıqlar kəndində olub. İyunun 22-də Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev kənd sakinlərini rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayıb, cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, qazanılan tarixi Qələbədən söz açan birinci müavin illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. M.Alıyev bütün kəndlərimizdən olduğu kimi, Xanlıqlar kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 12 nəfər, 44 günlük Vətən müharibəsində 7 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 12 nəfərin, Vətən müharibəsində 3 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Xanlıqlar kəndindən 67 nəfərin iştirak etdiyini, onlardan 33 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. M.Alıyev istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan birinci müavin Xanlıqlar kəndində də əkin sahəsinin artdığını qeyd edərək 2016-cı ildən bu yana Xanlıqlar kəndində əkin sahəsinin 933,75 hektardan 1162,9 hektara çatdırıldığını söyləyib. Rayonun bütün kəndlərində olduğu kimi, Xanlıqlar kəndində də subartezian quyusunun qazıldığını, bu gün 12 ədəd subartezian quyusunun sakinlərin ixtiyarında olduğunu bildirən birinci müavin bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. 1 ədəd qazılmış subartezian quyusunun istifadəyə verilməsinin, 1 ədəd subartezian quyusunun qazılmasının bu il nəzərdə tutulduğunu bildirib.
M.Alıyev kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Son illər kənddə 59 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 7 nəfərin şəhid ailəsi, 4 nəfərin Vətən müharibəsi əlili, 8 nəfərin müharibə veteranı, 40 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən birinci müavin bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Xanlıqlar kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də kənddə “Azəronline” şirkəti tərəfindən fiber optik internet xəttinin çəkilişinə başlanılacağını qeyd edib.
Birinci müavin M.Alıyev narkomaniya, onun törətdiyi fəsadlar, cəmiyyətimizə vurduğu ziyandan da söz açıb. Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq gənclərimizi cəmiyyətin bu bəlasından qorumaq üçün məqsədyönlü işlər görüldüyünü, xüsusilə də gənclərin məlumatlandırılması üçün mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan birinci müavin bu işdə valideynlə yanaşı, müəllimlərin, eləcə də hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İstər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.
"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləməkdir”, - deyən M.Alıyev sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova və başqaları onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının rəhbərliyi altında son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini bildirən sakinlər buna görə razılıqlarını ifadə ediblər. Son illər rayonda, eləcə də Xanlıqlar kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Kənddəki bağçanın təmir olunmasına, məktəbin istilik sisteminin yenidən qurulmasına, məktəbin qarşısından keçən yolun asfaltlanmasına görə təşəkkürlərini çatdırıblar. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənd ərazisində yaşayış evlərinin üzərindən keçən 2 km uzunluğunda 35 kV-luq hava xətlərinin yerinin dəyişdirilməsi, Qazax-Uzuntala-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xanlıqlar kəndi ərazisindən keçən 9 km hissəsinin əsaslı təmiri, 504 şagird yerlik Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin əsaslı təmiri və s. bağlı müraciətləri dinlənilərək səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağı bildirilib. Qaldırılan məsələlərin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulduğunu diqqətə çatdırıb.