Şriftin ölçüsü :

Saytın rəngi :

''Kəlağayı əlvan qıyqacı'' adlı ədəbi-bədii gecəyə doğma Qazaxdan start verilib

08 oktyabr 2023 | 15:00

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələr keçirilir.

Layihə əsasında rellaşan ilk gecə oktyabrın 8-də doğma Qazaxdan start götürüb. Layihə çərçivəsində "Kəlağayı əlvan qıyqacı" adlı kitab oxuculara təqdim olunub.

Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı, birliyin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Məşvərət Şurasının üzvləri, təhsil, mədəniyyət işçiləri, ziyalılar, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı ədəbi-bədii gecəni giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, gecənin təşkilində göstərdiyi dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsala, əziyyəti keçən insanlara minnətdarlığını bildirib. G.E.Tomarlı layihənin təşkili, mahiyyəti haqqında ətraflı məlumat verərək Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə maliyyə dəstəyinə görə təşəkkür edib. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, Şəki və İsmayıllı rayonlarında kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin keçirilməsinin nəzərdə tutulduğunu və kəlağayı haqqında kitabın nəşr olunduğunu diqqətə çatdırıb. Ədəbi-bədii gecənin ilk olaraq da Qazaxda keçirildiyini vurğulayıb. G.E.Tomarlı qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri, yorulmaz səyləri nəticəsində ölkəmizdə 19 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixdə Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu siyahısında “Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. G.E.Tomarlı "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi olaraq kəlağayının təbliği, yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün bir sıra işlər həyata keçirildiyini bildirib. Kəlağayıdan bəhs edən “Anam kəlağaylı bir muğamıydı...” və “Kəlağayı əlvan qıyqacı” adlı kitabların ərsəyə gətirildiyini, kəlağayı muzeyi yaradıldığını qeyd edib. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi tərəfindən hazırlanmış “Kəlağayı əlvan qıyqacı” adlı kitabın ərsəyə gəlməsi üçün 300 nəfər müəllifin şeir təqdim etdiyini, onlardan 73 nəfərin şeirinin kitabda yer aldığını və bu kitabın kəlağayıdan bəhs edən ilk kitab olduğunu söyləyib. G.E.Tomarlı qeyd edib ki, 26 Noyabr – Azərbaycan Kəlağayısı Günüdür. Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır! Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır. ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin təşkil olunmasında da əsas məqsəd milli atributlarımızdan olan, analarımızın ismət rəmzi sayılan kəlağayını, kəlağayı sənətini yaşatmaq, təbliğ etməkdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova analarımızın, qızlarımızın saflığını, gözəlliyini, ismətini özündə cəmləşdirən kəlağayının minilliklərdən üzü bəri gələn milli atributlarımızdan biri olduğunu qeyd edib. Həmin başı kəlağaylı qəhrəman analarımızın qəhrəman oğullar böyütdüklərini dilə gətirib. O oğullar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazdılar. Azərbaycan xalqının 30 illik yurd həsrətinə, niskilinə son qoydular. Təkcə doğma torpaqlarımızı işğaldan azad etmədilər, eyni zamanda, Şuşada, Xocalıda, eləcə də digər torpaqlarımızda amansızlıqla qətlə yetirilən analarımızın, qızlarımızın, körpələrimizin qisasını aldılar. G.Həsənova Azərbaycan xalqı olaraq bu gün Müzəffər Ali baş Komandana, canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, eləcə də qəhrəman oğullar böyüdən başı kəlağaylı qəhrəman analarımıza borclu olduğumuzu bir daha dilə gətirib. “Kəlağayı əlvan qıyqacı” adlı tədbirin məhz ilk olaraq Qazaxdan başlamasına görə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri Güllü Eldar Tomarlıya və əziyyəti keçən insanlara razılığını ifadə edib.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. B.Vüsal Azərbaycanın müqəddəs atributlarından biri olan, analarımızın, nənələrimizin yaraşığı olan kəlağayı haqqında keçirilən bir tədbirdə iştirak etməyin qürurverici olduğunu söyləyib. Şair çıxışında kəlağayımıza ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident  Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qiymət verildiyini, dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər görüldüyünü qeyd edib. Şair B.Vüsal kəlağayımıza həsr etdiyi şeiri səsləndirərək tədbirə öz töhfəsini verib.   

"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, sazın, sözün beşiyi sayılan Qazax elində olmaqdan məmnunluq hissi duyduğunu söyləyib. V.Sehranoğlu kəlağayı sənətinin yaranma tarixindən söz açaraq bu sənətin qədim sənət olduğunu söyləyib. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi olaraq kəlağayının yaşadılması, tanıdılması, gələcək nəsillərə ötürülməsi üçün təqdirəlayiq işlər həyata keçirildiyini bildirib. “Kəlağayı əlvan qıyqacı” adlı layihənin də həmin silsilə tədbirlərin davamı olduğunu qeyd edib.

Xalq şairi Mirvarid Dilbazinin qohumu Çingiz Məhərrəmli, Sabahinfo.az saytının sədr müavini Elnarə Həziyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri şair Mübariz Qaragözlü, şairə Tamella Poladlı, Ürkməzli kənd sənətkarlıq evinin müdiri, şairə Gülsənəm Cəlilova, şairə Briliyant Atəş, Könül İbrahimsoy, şairə Asimə Hüseyn, şair Bilal Qoca, Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova çıxış edərək bu cür layihələrin kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı, yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaqda böyük rol oynayacağından bəhs ediblər. "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri Güllü xanıma kəlağayımızı yaşatdığı üçün minnətdarlıqlarını bildiriblər. Şairlərimiz tərəfindən kəlağayımıza, Xalq şairi Mirvarid Dilbaziyə həsr olunmuş şeirlər də səslənib.

Aşıq İnsafə Əhmədovanın, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin "Şəms" muğam qrupunun, "Odlar yurdu" aşıqlar qrupunun bir-birindən rəngarəng musiqi töhfələri alqışlarla qarşılanıb.

Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin və Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin şagirdləri isə kəlağayımıza həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirdə Vətən müharibəsi şəhidləri, ölümlərindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş Babayev Mustafa Elman oğlunun anası Əminə xanım, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuş Elnur Həsənovun atası Elman Həsənov iştirak ediblər. İgid Vətən oğullarının valideynləri dərin hörmət və ehtiramla qarşılanaraq övladlarının daim qəlblərdə yaşadıqları, Azərbaycan xalqı var olduqca da heç zaman unudulmayacaqları vurğulanıb. Vətənin bütövlüyü naminə canlarını fəda edən qəhrəman oğullarımızla Azərbaycan xalqının qürur duyduğu, fəxr etdiyi qeyd edilib.

Sonda xatirə şəkilləri çəkdirilib.

Keçidlər