Şriftin ölçüsü :

Saytın rəngi :

KOB dostu Qazax rayonunda fəaliyyət göstərən sahibkarların xidmətindədir

09 avqust 2023 | 19:03

Qazax Gənclər Evində fəaliyyət göstərən KOB dostu rayonda biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək.

Qazax rayonunda Qazax-Tovuz iqtisadi rayonu üzrə sayca 6-cı KOB dostu ofisi fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, bölgədə fəaliyyət göstərən dövlət qurumlarının iştirakı ilə sahibkarlarla keçirilən görüş çərçivəsində Qazax rayonu üzrə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib. 

Qazax Gənclər Evində təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, hər iki qurumun əməkdaşları, Qazax rayonunda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının nümayəndələri, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Bələdiyyə sədrləri və sahibkarlar iştirak ediblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamlayıb, rayonda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışaraq, KOB dostunun fəaliyyətinin rayonda mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni bizneslərin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. O.Məmmədov qeyd edib ki, KOB dostu ofisləri Qazaxla yanaşı, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuzda da fəaliyyət göstərir. Ümumilikdə isə Qazax rayonu da daxil olmaqla KOB dostu ofisləri ölkənin 45 şəhər və rayonunu əhatə edir. KOBİA sədri Agentliyin fəaliyyəti və KOB dostunun işi barədə sahibkarlara ətraflı məlumat verib. Bildirilib ki, KOB dostu Qazaxda biznesə başlamaq istəyən potensial sahibkarlara və mövcud bizneslərə dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək. KOBİA sədri mikro, kiçik və orta biznes subyektlərini KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib. 

Tədbirdə KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb, təklifər dinlənilib.

Tədbir iştirakçıları Qazax Gənclər Evində yerləşən KOB dostu ofisində sahibkarlar üçün yaradılmış şəraitlə də tanış olublar. 

 

Keçidlər