“Loqos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşları “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də səhiyyə işçiləri ilə görüşüblər
Mayın 23-də “Loqos” Psixoloji və Nitq Mərkəzinin Qazax filialının təşəbbüsü ilə “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə “Psixi sağlamlıq” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru Sevda Məmmədova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. S.Məmmədova onlarla olan əməkdaşlığa və bugünkü görüşə görə “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbərliyinə razılığını ifadə edib.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva iştirakçıları və qonaqları rayon rəhbərliyinin adından salamayıb, səmimi ürək sözlərini çatdırıb. “Loqos” Psixoloji və Nitq Mərkəzinin insanların sağlamlığının qorunması sahəsində gördüyü işlərin, həyata keçirdiyi layihələrin bütün bölgələrimizi, o cümlədən də Qazax rayonunu əhatə etdiyini bildirib. Bunun bariz nümunəsi olaraq “Loqos” Psixoloji və Nitq Mərkəzinin nəzdində fəaliyyət göstərən Qazax filialını qeyd edib. Bugünkü görüşün də qarşılıqlı əməkdaşlığa, ən əsası da insanların sağlamlığının qorunması sahəsində görüləcək işlərə xidmət edən bir görüş olduğunu vurğulayıb və bu yolda hər iki təşkilata uğurlar arzulayıb.
Tədbirdə çıxış edən “Loqos” Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mizəyeva müasir dövrdə psixi sağlamlıqdan bəhs edərək, son illərdə bu sahəyə müraciətlərin yetərincə artdığını, dolayısı ilə qeyd olunan sahədə daha diqqətli olmağın vacibliyini bildirib. Vətəndaşların da belə həssas məqamlarda daha diqqətli davranmalı olduğunu, ehtiyac olarsa peşəkar mütəxəssislərin dəstəyindən yararlanmağı barədə öz fikirlərini bölüşüb.
“Loqos” Psixoloji və Nitq Mərkəzinin regional direktoru Günay Hüseynova çıxış edərək “Loqos” Psixoloji və Nitq Mərkəzinin, o cümlədən onun nəzdində fəaliyyət göstərən Qazax filialının fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında tədbir iştirakçılarını məlumatlandırıb, maairfləndirmə işlərinin bundan sonra da davam edəcəyini qeyd edib.
“Loqos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşı, psixoloq Sona Davudova öz fəaliyyəti və keçirdiyi xidmətlər, kurslar haqqında məlumat verib. Son zamanlarda vətəndaşların ən çox müraciət etdiyi EMDR terapiyası, onun vacibliyi haqqında tədbir iştirakçıları ilə öz biliklərini bölüşüb.
Daha sonra çıxış edən “Loqos” Psixoloji və Nitq Mərkəzinin əməkdaşı, psixoloq Ertoğrul Koca iki qardaş ölkə olan Azərbaycan və Türkiyədə ən çox müraciət edilən problemlər, onların həlli və nəticələri barədə, o cümlədən keçdiyi xidmətlər haqqında ətraflı məlumat verib.