Mədəniyyət işçiləri Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsini və adını daşıyan mərkəzi ziyarət ediblər
Azərbaycanın ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Azərbaycan xalqının Böyük oğlu Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il ötməsinə baxmayaraq Dahi şəxsiyyətin xatirəsi hər zaman böyük hörmət və ehtiramla yad edilir.
Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır.
Dekabrın 3-də Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin, Qazax Dövlət Dram Teatrının, Qazax şəhər 1 və 2 saylı Uşaq Musiqi Məktəblərinin rəhbər və əməkdaşları Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsini və adını daşıyan mərkəzi ziyarət ediblər.
Mədəniyyət işçiləri əvvəlcə Dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini anıblar. Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş Heydər Əliyevin zəngin və çoxşaxəli irsini, həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya ediblər. Azərbaycanın hərtərəfli tərəqqisi yolunda tarixi xidmətlər göstərən fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış film nümayiş etdirilib.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli mədəniyyətimizin inkişafını hər zaman diqqət mərkəzində saxlamasından, mədəniyyətimizi yaradan, yaşadan insanların əməyinin yüksək qiymətləndirilməsindən söz açılıb. Heydər Əliyevin keçdiyi ömür yolunun, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərinin qədirbilən xalqımız tərəfindən hər zaman minnətdarlıqla xatırlandığı vurğulanıb.