Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər narkomaniya və erkən nikahın doğurduğu faciələr barədə məlumatlandırılıblar

21 noyabr 2023 | 19:55

Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq məktəblilərin iştirakı ilə narkomaniyaya və erkən nikaha qarşı mübarizə məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilir.  

Növbəti maarifləndirici görüş noyabrın 21-də Qazax rayon Aydın Məmədov adına Qaymaqlı, Qazax rayon Akif Bəbirov adına Xanbağı və Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.

Tədbirdə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, "Erkən nikah və onun fəsadları", "Dini radikalizmə qarşı mübarizə" mövzularında psixoloji maarifləndirici söhbət aparılıb.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı Şahin Nəbiyev, DTX Qazax Rayon İdarəsinin əməkdaşı Orxan Həsənov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Təranə Səmədova, Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova, adı çəkilən məktəblərin direktorları, psixoloqları, yuxarı sinif şagirdləri, valideynlər iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. K.Cəfərova qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini məktəblilərin bir daha diqqətinə çatdırmaqdır. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan K.Cəfərova mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya və erkən nikahla mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq keçirilən bugünkü tədbirin böyük əhəmiyyət daşıdığını qeyd edib. K.Cəfərova narkomaniya və onun fəsadları, erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar və antisosial mühitdən necə qorunmağın yolları barədə geniş məlumat verib. K.Cəfərova çıxışı zamanı erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından söz açıb. 
DTX Qazax Rayon İdarəsinin əməkdaşı Orxan Həsənov çıxış edərək müasir dövrümüzdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib. Natiq çıxışı zamanı narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtının səmərəli təşkili barədə ətraflı məlumat verib. Narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdə hər kəsin dəstək verməli olduğunu söyləyib.

Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova çıxış edərək bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta, özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına topladığını vurğulayıb.  Buna görə də gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. 

Çıxış edənlər narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən biri olduğunu, narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını, ona görə də gənclərin bu bəladan uzaq olmalı, cəmiyyətin layiqli üzvü olmaq üçün təhsilə xüsusi önəm verməli olduqlarını qeyd ediblər.

Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər