Millət vəkili Səməd Seyidov əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasında görülmüş işlərlə tanış olub
Hər kəsə yaxşı məlumdur ki, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur. Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi bina yeni görkəm alır. Bu gün qürurla deyə bilərik ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi təkcə onun yenidən istifadəsini mümkün etməyəcək, həm də tarixi bina kimi gələcək nəsillərə ötürülməsinə bir ərmağan olacaq. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq. İyunun 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və köməkçisi Akif Əmirovla birlikdə Qazax Müəllimlər Seminariyasında olub, binanın təmiri ilə bağlı görülmüş işlərlə yaxından maraqlanıb.
Millət vəkili S.Seyidov ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı şəkildə yenidən qurmasını ziyalı olaraq yüksək qiymətləndirib. Gələcəyimiz olan gənclərin təhsilinə, inkişafına verilən töhfə olduğunu bildirib. Millət vəkili bu gün tarixi bina olan Qazax Müəllimlər Seminariyasının yüksək səviyyədə bərpa olunmasının hər bir qazaxlı, ziyalı tərəfindən razılıqla qarşılandığını qeyd edərək bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunduğunu vurğulayıb.
Seminariyanın tikinti sahəsinin rəisi Muxtar Həmidov rayon rəhbərinə və millət vəkilinə görülmüş işlər barədə ətraflı məlumat verərək bütün işlərin sürətlə davam etdirildiyini bildirib.