Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Səməd Seyidov əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasında olub

28 sentyabr 2022 | 20:17

Ötən il oktyabrın 1-də ADA Universiteti "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının qarşısında keçirilən tədbirdə tarixi binanın bərpasını öz üzərinə götürdü. ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi binaya bu gün yeni görkəm verilib. 104 yaşlı təhsil ocağımız olan Qazax Müəllimlər Seminariyasının binasında keçmişlə müasirlik vəhdət təşkil edir. 

Bu gün onu da qürurla deyə bilərik ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi təkcə onun yenidən istifadəsini mümkün etməyəcək, eyni zamanda tarixi bina kimi gələcək nəsillərə ötürülməsində bir ərmağandır. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq.

Sentyabrın 28-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov köməkçisi Akif Əmirovla birlikdə əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasında olub.

Seminariyanın bərpa işlərinin rəhbəri Pərviz Mehrəliyev görülmüş işlər barədə ətraflı məlumat verərək hazırda son tamamlanma və  təmizlik işlərinin aparıldığını bildirib.

Millət vəkili Səməd Seyidov ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı şəkildə yenidən qurmasını ziyalı olaraq yüksək qiymətləndirib. Gələcəyimiz olan gənclərin təhsilinə, inkişafına verilən töhfə olduğunu bildirib. Millət vəkili bu gün tarixi bina olan Qazax Müəllimlər Seminariyasının yüksək səviyyədə bərpa olunmasının hər bir qazaxlı, ziyalı tərəfindən razılıqla qarşılandığını qeyd edərək bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunduğunu vurğulayıb.

Keçidlər