Millət vəkili Səməd Seyidov “Heydər Əliyev İli” çərçivəsində Qazaxda mədəniyyət işçiləri ilə görüşüb
Fevralın 7-də 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Heydər Əliyev İli” çərçivəsində Qazaxda mədəniyyət müəssisələrində çalışan işçilərlə görüşüb.
Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, deputat köməkçisi Akif Əmirov, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, Qazax Rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxana Sisteminin, Qazax Rayon Mədəniyyət Mərkəzinin, Qazax Rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin, Ulu Öndərin adını daşıyan Mərkəzin rəhbər və əməkdaşları iştirak ediblər.
Səmimi söhbət əsasında keçən görüşdə Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçıları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərdikləri diqqət və qayğıdan söz açılıb. Ölkəmizdə dövlət tərəfindən mədəniyyət sahəsinin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışılıb.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək millət vəkili Səməd Seyidovu və rayon rəhbərliyini salamlayıb, mədəniyyət işçiləri ilə təşkil olunmuş görüşə görə minnətdarlığını bildirib. Əlamətdar bir ildə, “Heydər Əliyev İli”ndə belə bir görüşün keçirilməsini Ulu Öndərin mədəniyyət sahəsində göstərdiyi xidmətlərə, bu sahədə çalışan insanlara verilən dəyər kimi qiymətləndirib. C.Hüseynova Respublika Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini, bu ilin xalqımız üçün daha əlamətdar bir il olduğunu bildirib. Qeyd edib ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq. Çünki Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir, xəzinəsidir. Onun zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün dövrləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür. Məhz bu səbəbdən “Heydər Əliyev İli” Azərbaycan dövlətçiliyinin çoxəsrlik tarixində xüsusi inkişaf mərhələsi olan Heydər Əliyev–İlham Əliyev epoxasının çətin və məsuliyyətli inkişaf yolunun, əldə etdiyi nailiyyətlərin möhtəşəm hesabatı ilidir. Həm də “Heydər Əliyev İli” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının daha böyük sabahlara doğru inkişafının proqramı deməkdir. Heydər Əliyev irsini öyrənmək, təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. C.Hüseynova bildirib ki, ölkəmiz 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyin daha da inkişaf etdirilməsi, möhkəmləndirilməsi üçün tarixi fürsət yaranmışdı. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun, Azərbaycanın maraqlarına cavab verən xarici siyasət həyata keçirilməli idi. Lakin Ermənistanın hərbi təcavüzü ilə torpaqlarımız işğal altına düşmüşdü, ölkə çətin vəziyyətdə idi, sabitlik yox idi, xaos, hakimiyyətsizlik hökm sürürdü, nəticədə idarəçilik təcrübəsi olmayan insanların hakimiyyətə gəlməsi vəziyyəti daha da gərginləşdirdi. Bütün bunların qarşısının alınması üçün dünyaya siyasi və iqtisadi inteqrasiya olunmaq zərurəti düşünülmüş ardıcıl və fəal xarici siyasət tələb edirdi. Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına, xarici siyasət kursunda ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişiklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Onun müdrik rəhbərliyi, həyata keçirmiş olduğu düşünülmüş, məqsədyönlü tədbirlərin bilavasitə iştirakçısı olmuş şəxslərdən öyrənmək, eşitmək daha məqbuldur. Bu baxımdan millət vəkili ilə olan görüş “Heydər Əliyev İli”nin mədəniyyət işçilərinə böyük töhfəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək millət vəkilini və tədbir iştirakçılarını salamlayıb, Ümummilli Lider Heydər Əliyevin ünvanına səmimi ürək sözlərini çatdıraraq Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışıb. Rayon rəhbəri dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsinin, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək üçün “Heydər Əliyev İli”nin xalqımıza geniş imkan yaratdığını, bu ilin bizlər üçün ən böyük şans olduğunu söyləyib.
“Ulu Öndərin uzaqgörən siyasəti Azərbaycanı dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi”, - deyən icra başçısı ölkəmizdə bütün sahələrdəki inkişafın dahi şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb. İcra başçısı bildirib ki, Ulu Öndərin keçdiyi yola, 1969-cu ildən 2003-cü ilə qədər olan dövrə nəzər salsaq görərik ki, elə bir sahə yoxdur ki, orada Ulu Öndərin izi olmasın. Ölkəmizdə elmin, təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin, iqtisadiyyatın, kənd təsərrüfatının, sənayenin, bir sözlə, bütün sahələrin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Rayon rəhbəri Azərbaycan xalqının ölkəmizi bəladan xilas edən şəxsiyyətin xalqı qarşısındakı fədakarlığını heç zaman unutmayacağını söyləyib. Rayon rəhbəri Ulu Öndərin xalqına ən böyük töhfələrindən birinin ölkənin tarixində yeni inkişaf mərhələsinin təcəssümü olan “Əsrin müqaviləsi”nin Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazıldığını, “Əsrin müqaviləsi”nin Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdiyini vurğulayıb.
“Bu gün qürurla deyə bilərik ki, Ulu Öndərin söylədiyi “Biz mütləq Şuşaya qayıdacağıq” fikri, arzusu, vəsiyyəti onun layiqli davamçısı tərəfindən reallığa çevrildi. Çünki özü qədər inandığı, özü qədər siyasətə malik olan İlham Əliyevi onun bu arzusunu reallaşdırmağa qadir olan bir lider kimi görürdü”, - deyən icra başçısı Müzəffər Ali Baş Komandanın ata vəsiyyətini layiqincə yerinə yetirdiyini söyləyib. Bu gün işğalda olan torpaqlarımızın azad olunması ilə dahi rəhbərin ruhunun şad olduğunu bildirib. 2023-cü ilin ölkə başçısının müvafiq Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunduğunu qeyd edən rayon rəhbəri bu Sərəncamın Azərbaycan xalqının böyük oğluna olan sonsuz hörmət və ehtiramını bir daha nümayiş etdirmək üçün Prezidentin bizlərə ən böyük töhfəsi kimi qiymətləndirib. Bizi qarşıda daha məsuliyyətli, Ulu Öndərin adına layiq tədbirlərin keçiriləcəyi bir ilin gözlədiyini qeyd edib. İcra başçısı Ulu Öndərin 1971, 1979 və 1998-ci illərdə Qazaxa olan səfərlərindən söz açaraq hər səfərin qazaxlıların yaddaşına ən ülvi hisslərlə həkk olduğunu, rayonun inkişaf etməsinə bir töhfə olduğunu bildirib. Ulu Öndərin ilk dəfə 1971-ci ildə Qazaxa səfəri zamanı təməlini qoyduğu Ağstafaçay su anbarı sayəsində bu gün on min hektardan çox torpaq sahəsinin suvarıldığını, kənd təsərrüfatının inkişafına səbəb olduğunu söyləyib. Rayon rəhbəri qazaxlıların da “Heydər Əliyev İli”nə dahi rəhbərin adına layiq şəkildə hazırlaşdıqlarını, 100 illik yubileyinin böyük təntənə ilə qeyd ediləcəyini, bunun üçün Tədbirlər Planının hazırlandığını diqqətə çatdırıb. Ulu Öndərin adını daşıyan Mərkəzdə təşkil olunmuş bugünkü görüşün həmin tədbirlər silsiləsindən olduğunu söyləyib.
Millət vəkili Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, mədəniyyət işçiləri ilə olan görüşü məmnunluqla qarşıladığını söyləyib. “İkinci dəfə hakimiyyətə gəldikdən sonra “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən, öz həyatını dövlətinə, müstəqil Azərbaycana bəxş etmiş dahi rəhbərin fəaliyyəti, xalqı qarşısında olan misilsiz xidmətləri hər zaman gələcək nəsillərə örnəkdir”, - deyən millət vəkili bugünkü görüşün bu məqsədə xidmət etdiyini söyləyib. Ulu Öndərlə olan xatirələrindən danışan millət vəkili 1981-ci ildə məktəbi bitirmiş bir gənc kimi dahi şəxsiyyətin qayğısını ilk gündən hiss etdiyini bildirib. Bir gənc kimi Ulu Öndərlə olan görüşlərini, birlikdə iştirak etdiyi tədbirləri bu gün də qürur hissi ilə xatırladığını qeyd edib. Bildirib ki: “Dahi şəxsiyyətin biz gənclərə söylədiyi “Siz Azərbaycana lazımsınız, ölkəmizin gələcəyi siz gənclərdən asılıdır” dəyərli fikirləri bu gün də mənim həyatımda öz dərin izlərini qoyur. O qiymətli sözlər bu gün də həyatımın, fəaliyyətimin əsas hissəsini təşkil edir. Ulu Öndər üçün gənclik, Azərbaycanı təmsil edən insanlar həddindən artıq vacib məsələ idi. Biz Avropa Şurasının nümayəndəliyi qarşısında üçrəngli Azərbaycan Bayrağının ucalacağını bilirdik. Ulu Öndərin bu təntənəli mərasimdə iştirakını bu gün də qürurla xatırlayıram”. Millət vəkili qeyd edib ki, Ulu Öndərin fəlsəfəsi yeni azərbaycançılıq idi. Məhz bu fəlsəfə əsasında qurulan Azərbaycan bu gün bütün dünya dövlətləri arasında öz sözünü deyir. Və nə xoş bizlərə ki, Ulu Öndərin fəlsəfəsini, müstəqil dövlət kimi bizlərə miras qoyduğu Azərbaycanı Prezident İlham Əliyev uğurla inkişaf etdirir, bütün dünyaya tanıdır. Sonda millət vəkili bugünkü görüşə görə mədəniyyət işçilərinə razılığını bildirib və gələcək işlərində uğurlar arzulayıb.
Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev millət vəkili Səməd Seyidova mədəniyyət sahəsində çalışan insanlarla olan görüşə görə minnətdarlığını bildirib. Ulu Öndərin Azərbaycan xalqı və dövləti üçün etdiklərini, gördüyü işləri qədirbilən xalqımızın illər ötsə belə heç zaman unutmayacağını söyləyib.
Səmimi söhbət əsasında keçən görüşün sonunda millət vəkili mədəniyyət işçiləri ilə xatirə şəkli çəkdirib.