Millət vəkili Səməd Seyidov Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Vətən müharibəsi qazisini və xəstələri ziyarət edib, tibb işçiləri ilə görüşüb
Fevralın 6-da 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə olub, xəstəxanada müalicə alan qazilərə və xəstələrə baş çəkib, tibb işçiləri ilə görüşüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, deputat köməkçisi Akif Əmirovun və səhiyyə işçilərinin iştirakı ilə baş tutan görüşdə səhiyyə sahəsində çalışan işçilərin istər pandemiya, istərsə də Vətən müharibəsi dövründə göstərdikləri fədakarlıqdan söz açılıb.
Millət vəkili və rayon rəhbərliyi əvvəlcə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuş, Qazax şəhər sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili Yusubov Elməddin Əziz oğlunu, "İgidliyə görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, 1-ci dərəcəli Vətən müharibəsi əlili Kərimov Röyal Şəadət oğlunun anası Rahilə Kərimovanı, həmçinin, müalicə alan digər xəstələri ziyarət edib, müalicələrinin gedişi ilə maraqlanıblar.
Xəstəxanada müalicə alan vətəndaşlarla görüşən millət vəkili hər zaman olduğu kimi, bugünkü görüşün təməlində də ölkə Prezidentinin onlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını bildirib.
Xəstəxanada müalicə alan xəstələrlə, onların yaxınları ilə səmimi söhbət edən millət vəkili və icra başçısı onların qayğılarını dinləyib, belə görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini, hər bir dövlət məmurunun da vəzifə borcunun vətəndaşlara qayğı göstərmək olduğunu bir daha diqqətə çatdırıblar.
Vətəndaşlar bugünkü ziyarəti dövlətin növbəti qayğısı kimi qeyd edərək millət vəkilinin onların qayğıları ilə maraqlanmasını, dinləməsini minnətdarlıqla qarşılayıblar.
Sonra millət vəkili Səməd Seyidov xəstəxananın akt zalında tibb işçiləri ilə görüşüb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək əhalinin sağlamlığının keşiyində dayanan həkimlərimizin əməyinin danılmaz olduğunu bildirib. Dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri Azərbaycan dövlətinin səhiyyənin inkişafına hər zaman böyük qayğı göstərdiyini qeyd edib. Ölkəmizdə səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğı, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin ildən-ilə əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından danışan icra başçısı bunun əyani təzahürü olaraq ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə 2020-ci ilin 3 martında istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. Rayon rəhbəri mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə qazaxlıların, xüsusilə də səhiyyə sahəsində çalışan insanların ölkə başçısı İlham Əliyevə bu gün də minnətdarlıq etdiklərini söyləyib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərindən, əhalinin vaksinasiyası sahəsində görülən işlərdən söz açan icra başçısı bu işin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə bu gün Qazaxın ön sıralarda dayandığını söyləyib. İcra başçısı bu uğurun əldə olunmasında həkimlərin, tibb işçilərinin böyük əməyi olduğunu vurğulayıb. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində, xüsusilə də əhalinin vaksinasiya olunmasında gördükləri işlərin danılmaz olduğunu söyləyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışan icra başçısı bizlərə şanlı qələbəni bəxş edən qəhrəman oğullarımızı unutmadığımızı, onlarla hər zaman fəxr edib, qürur duyduğumuzu bildirib. 44 günlük savaşda əldə etdiyimiz Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. İcra başçısı istər koronavirus pandemiyası ilə mübarizədə, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin, eləcə də rayonun tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirib. Həkimlərimizin həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq göstərdiklərini vurğulayıb. Rayon rəhbəri çıxışının sonunda sağlamlığımızın keşiyində dayanan tibb işçilərinə bir daha gələcək işlərində uğurlar arzulayıb.
Millət vəkili Səməd Seyidov çıxış edərək səhiyyə işçilərini salamlayıb, pandemiya və müharibə dövründə göstərdikləri fədakarlıqlara görə görüşüb, onlara təşəkkür etməyi özünə borc bildiyini söyləyib. Millət vəkili bildirib ki, bu gün Qazax Rayon Mərkəzi Xəstəxanasına gün ərzində mindən çox insanın müraciət etməsi burada olan şəffaflıqdan, həkimlərin peşəkarlığından, tibbi biliklərinin yüksək səviyyədə olmasından, vətəndaşlara göstərilən səmimi münasibətdən xəbər verir. “Siz öz fəaliyyətinizlə regionda Qazax səhiyyəsinin adını təmsil edirsiniz. Ətraf bölgələrdən bura üz tutan insanlar yaxşı bilirlər ki, bu xəstəxanada dərdlərinə əlac tapacaqlar. Sizlərin pandemiya dövründə, eləcə də 44 günlük Vətən müharibəsi zamanı etdikləriniz danılmazdır”, - deyən millət vəkili buna görə ziyalılar adından tibb işçilərinə təşəkkünü çatdırıb. Millət vəkili, eyni zamanda bir ziyalı olaraq hər zaman dəstək olmağa hazır olduğunu söyləyib.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib. Səməd Seyidovla olan bugünkü görüşü və ünvanlarına söylənilən xoş sözləri razılıqla qarşılayan S.Məmmədova rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Ölkəmizi dünya dövlətləri arasında layiqincə təmsil edən millət vəkilinə gələcək işlərində uğurlar arzulayıb. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in inzibati işlər üzrə direktor müavini Kavı Məmmədov, xəstəxananın həkim-kordioloqu Samirə Qəhrəmanova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Fizioterapiya şöbəsinin müdiri Safurə Qapaqova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Doğum şöbəsinin müdiri Aynur Namazlı, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Təcili Tibbi Yardım bölməsinin Acil şöbəsində həkim-terapevt kimi çalışan gənc həkim Nəzrin Əliyeva, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in dərman vasitələrinin təchizatına nəzarət şöbəsinin əməkdaşı Bahar Hüseynova, “Qazax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in baş tibb bacısı Kəmalə Qocayeva və başqaları onlarla görüşə gəldiyinə görə millət vəkilinə minnətdarlıqlarını bildiriblər.
Sonra millət vəkili və rayon rəhbərliyi həkimlərin, tibb işçilərinin qayğıları, onları narahat edən məsələləri dinləyiblər. Xəstəxanaya exo-kardioqramma (Exo-KQ) aparatının, fizioterapiya şöbəsinə bir sıra lazımi avadanlıqların ayrılması ilə bağlı müraciətləri dinləyən millət vəkili və rayon rəhbərliyi səslənən məsələlərə həssaslıqla yanaşılacağını, həlli istiqamətində lazımi addımların atılacağını qeyd ediblər.
Səmimi söhbət əsasında keçən görüşdə sonda xatirə şəkilləri çəkdirilib.