Millət vəkili Səməd Seyidov Qazaxda şəhid ailələri ilə görüşüb
Sentyabrın 27-də Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüblər.
Qazax rayonunun Yuxarı Salahlı, Daş Salahlı, Çaylı və Hüseynbəyli kəndlərindəki Şəhidlər xiyabanlarında keçirilən görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid Vətən oğullarının ruhlarına dua oxunub, əziz xatirələri ehtiramla yad olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də Vətən müharibəsi şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canını Vətənə fəda edən bütün şəhidlərimizin xalqımız üçün əziz olduğunu, daim qəlbimizdə ən ülvi hisslərlə yad olunduqlarını qeyd edib. İllər ötsə belə şəhidlərimizin əziz xatirələrinin daim ehtiramla anılacağını söyləyib. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə olan münasibətlərinin, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuru üçün nümunə olduğunu qeyd edib. Qazaxda fəaliyyətə başladığı ilk güdən bu mövqeyi əldə rəhbər tutaraq şəhidlərimizin ailələrinə olan qayğını daim diqqətdə saxladığını bildirib. Bundan sonra da vətəndaş olaraq hər birimizin şəhidlərimizlə, qazilərimizlə qürur duyacağımızı bir daha dilə gətirib.
Millət vəkili Səməd Seyidov şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib. “Şəhidlər bizim baş tacımız, hər birimizin qürur, fəxr yeridir. Bu gün canını Vətənə fəda edən oğullarımızın sayəsində işğaldan azad edilən torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Qazandığımız tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borcluyuq”, - deyən millət vəkili igid Vətən oğulları ilə qürur duyduğunu söyləyib. “Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva şəhidlərimizin ailə üzvlərinə, qazilərimizə hər zaman qayğı göstərirsə, bu, hər bir dövlət məmuruna, ölkə vətəndaşına nümunə olmalıdır. Bugünkü görüşümüz də həmin qayğının davamıdır”, - deyən S.Seyidov şəhid ailələri ilə səmimi söhbət edib, onları dinləyib.
Övladları ilə hər zaman fəxr etdiklərini və bundan sonra da onlarla qürur duyacaqlarını söyləyən şəhid ataları, anaları Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Şəhid ailələri onlara göstərilən diqqətə, qayğıya, səmimi münasibətə görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar. Dövlətin qayğısını hər zaman hiss etdiklərini vurğulayıblar. Bugünkü ziyarəti də dövlətin və ölkə rəhbərinin növbəti qayğısı kimi qiymətləndiriblər.