Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Səməd Seyidov Qazaxda təhsil işçiləri ilə görüşüb

16 mart 2023 | 19:45

Martın 16-da 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qazaxda təhsil sahəsində çalışan işçilərlə görüşüb.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, deputat köməkçisi Akif Əmirov, məktəb direktorları, direktor müavinləri, məktəblilər iştirak ediblər.

Səmimi söhbət əsasında keçən görüşdə Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçıları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə, bu sahədə çalışan insanlara göstərdikləri diqqət və qayğıdan söz açılıb. Ölkəmizdə dövlət tərəfindən təhsil sahəsinin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüş iştirakçılarını salamlayıb, qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. İcra başçısı millət vəkilinin səhiyyə və mədəniyyət sahəsində çalışan insanlarla görüşdüyünü, bu gün isə təhsil işçiləri ilə görüşə gəldiyini söyləyib. Təhsil sahəsinə, bu sahədə çalışan işçilərə göstərdiyi qayğıya və bugünkü görüşə görə millət vəkilinə razılığını ifadə edib. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən diqqət ayırdığı sahələrdən birinin məhz təhsil sahəsi olduğunu, həmin qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Millət vəkili Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, təhsil işçiləri ilə olan görüşü məmnunluqla qarşıladığını söyləyib. Müəllimlərə, müəllim əməyinə verilən qiymətə, göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Dövlətin təhsil sahəsinə olan qayğısını təhsil işçilərinin öz əməli işləri ilə hər zaman doğrultduqlarını qeyd edib.  

Sonra millət vəkili Səməd Seyidov məktəb direktorlarının, müəllimlərin, məktəblilərin ürək sözlərini və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb. Millət vəkili bugünkü görüşə görə təhsil işçilərinə razılığını bildirib və gələcək işlərində uğurlar arzulayıb. 

Səmimi söhbət əsasında keçən görüşün sonunda millət vəkili təhsil işçiləri ilə xatirə şəkli çəkdirib.

Keçidlər