Millət vəkili Səməd Seyidov Qazaxda gənclərlə görüşüb
Fevralın 7-də 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qazaxda gənclərlə görüşüb.
Qazax Gənclər Evində təşkil olunmuş görüşdə Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, fəal gənclər iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, deputat köməkçisi Akif Əmirovun və gənclərin iştirak etdiyi görüşdə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərə göstərilən dövlət qayğısından söz açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gəncləri salamlayıb, dəvəti qəbul edib bugünkü görüşdə iştirak etdiklərinə görə razılığını bildirib. Rayon rəhbəri gələcəyimizin gənclərin əlində olduğunu qeyd edib. İcra başçısı vurğulayıb ki, ölkəmizdə iqtisadiyyat, təhsil, mədəniyyət, səhiyyə, eləcə də bir çox sahələrdə uğur qazanan gənclərimizi gördükcə qürurla deyə bilərik ki gələcəyimiz etibarlı və əmin əllərdədir. Bu gün onu da qürurla qeyd edirik ki, 44 günlük Vətən müharibəsində də Azərbaycan gəncliyi, gəncləri şanlı tarix yazdılar. Respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da mindən artıq gəncimiz könüllü olaraq Vətən müharibəsinə səfərbər oldu. Rayon rəhbəri qazaxlı gənclərin də 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərdiyini söyləyib. Döyüş zamanı 246 nəfər gəncin yaralandığını və 38 nəfər gəncin qəhrəmancasına şəhid olduğunu bildirib. Azərbaycan xalqının, qazaxlıların şəhidlərimizlə fəxr etdiyini, onların əziz xatirələrinin hər zaman qəlbimizdə daim yaşayacağını söyləyib. İcra başçısı gənclərimizin Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti alqışladığını, bu siyasətin icrasında daim onun yanında olduqlarını vurğulayıb. “Əziz gənclər sizlərlə həm ölkə Prezidenti İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva qürur duyur və bunu sizlərə göstərdikləri qayğıdan da aydın şəkildə görmək olur. Dövlətin, ölkə başçısının gənclərə olan qayğıları hər kəsə nümunədir”, - deyən rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən gənclərə qayğı göstərdiyini qeyd edib, həmin qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib. İcra başçısı millət vəkili Səməd Seyidova gərgin iş qrafiki olmasına baxmayaraq dəyərli vaxtından ayırıb gənclərlə görüşə gəldiyinə görə minnətdarlığını bildirib. Bugünkü görüşü gənclərə verilən qiymət, göstərilən qayğı kimi dəyərləndirib.
Millət vəkili Səməd Seyidov gəncləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Əziz gənclərimiz həmişə sizinlə görüşə gələrkən həm sevinc, həm də həyacan hissi keçirməmək mümkün deyil. Sevinc hissi keçirirsən ona görə ki, belə Azərbaycan gəncliyi var və sizin kimi gənclərlə görüşməyin özü bir bayramdır. Həyacan keçirirsən ona görə ki, ağıllı, düşüncəli, müdrik, savadlı, intellektli gənclərimizin qarşısında çıxış etmək elə də asan deyil”, - deyən millət vəkili bugünkü görüşün unudulmaz və yaddaqalan bir görüş olacağına əminliyini vurğulayıb. “Gəncliksiz gələcək yoxdur. Bu gün Azərbaycanın üçrəngli bayrağını Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun ətrafında sıx birləşən siz kimi gənclər elə bir yüksəkliklərə qaldırırsınız ki, buna baxıb qürurlanmamaq mümkün deyil”, - deyən millət vəkili müstəqil Azərbaycanın çiçəklənməsi, parlaq gələcəyi naminə çətin və şərəfli yolda gənclərə uğurlar arzulayıb. Millət vəkili rayonda aparılan abadlıq işlərinə, vətəndaşlara, şəhid ailələrinə, qazilərə, gənclərə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə razılığını bildirib.
Sonra gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib. Gənclərdən BDU Qazax filialının tələbələrindən Fuad Ələsgərov, Rəvan Rzayev, Elgün Həsənov, Musa Musaoğlu, Şəbnəm Əkbərova, Fəridə Məmmədova, Fəqan Qurbanov, Said Mustafazadə, Qazax Rayon İcra Hakimiyyəti Yanında Yerli Məşvərət Şurasının üzvü Fərid Sadıqov, şura sədri Pəri İbrahimova, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aliyə Həsənova, Kollecin Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva millət vəkilinə suallarını ünvanlayıb, bir sıra təkliflərini irəli sürüblər. Gənclər də öz növbəsində millət vəkili Səməd Seyidova onlarla görüşə gəldiyinə, gənclərin ünvanına səsləndirdiyi dəyərli fikirlərinə, verdiyi məsləhətlərə, suallarını ətraflı şəkildə cavablandırdığına, təkliflərini dinlədiyinə görə minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşün sonunda gənclərlə xatirə şəkilləri çəkdirilib.