Millət vəkili Səməd Seyidov sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən yaralanan əsgər Ülvi Quluyevin evində aparılan əsaslı təmir işləri ilə tanış olub
2022-ci il sentyabrın 12-dәn etibarәn Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan şəhidlərimizlə yanaşı, yaralılarımız da oldu. Qazaxın igid oğulları da Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına döyüşdülər. Döyüş meydanında göstərdikləri şücaətlə adlarını hərb tariximizə və xalqımızın qəlbinə qızıl hərflərlə yazdılar. Döyüş zamanı Qazax rayonundan olan 13 nəfər hərbi qulluqçumuz müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Abbasbəyli kənd sakini, əsgər Quluyev Ülvi Babək oğlu da döyüşdə sinəsini düşmən gülləsinə sipər edən oğullarımızdandır. Bütün hərbçilərimiz kimi Ülvi Quluyev də düşmən təxribatının qarşısını alarkən ölümün gözünə dik baxıb, torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşub. Yanına mərmi düşməsi nəticəsində sağ ayağından yaralanıb, aldığı xəsarətdən sağ ayağı topuqdan aşağı amputasiya olunub. Hazırda vəziyyəti normaldır. Bakı şəhərində Hərbi Hospitalda müalicəsini davam etdirir.
Bu gün hər birimiz Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda sağlamlığını itirən Ülvi Quluyev kimi oğullarımızla fəxr edirik. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Birinci Qarabağ və Vətən müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Ülvi Quluyev də dövlətin qayğısı ilə əhatə olunub. Həmin qayğının nəticəsidir ki, bu gün yaralımızın yaşadığı ev əsaslı şəkildə təmir olunur.
Sentyabrın 27-də Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yaralımızın evində aparılan təmir işləri ilə tanış olub.
Yaralımızın atası Babək Quluyevlə səmimi söhbət edən millət vəkili Səməd Seyidov onların tək olmadığını, dövlətin yanlarında olduğunu qeyd edib. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqının Ülvi kimi qəhrəman oğullarımızla qürur duyduğumuzu söyləyib. 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanı bahasına işğaldan azad edilən torpaqlarımızın ərazi bütövlüyünü Ülvi kimi igid oğullarımızın sayəsində möhkəm qoruduğumuzu bildirib. Döyüşdə düşmənə aman verməyən qəhrəman oğullarımızın igidliyinin gələcək nəsillərə örnək olacağını qeyd edib.
Yaralımızın atası Babək Quluyev övladı ilə çiyin-çiyinə torpaqlarımızı qoruyan bütün hərbçilərimizlə fəxr etdiyini dilə gətirib. Bir ata kimi övladına, eləcə də digər hərbçilərimizə, yaralılarımıza göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, millət vəkilinə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının və ailəsinin ziyarət olunmasını, bu gün yaşadıqları evin təmir edilməsini hərbçilərimizə, yaralılarımıza olan dövlət qayğısının əyani sübutu kimi qiymətləndirib.
Məlumat üçün qeyd edək ki, əsgər Quluyev Ülvi Babək oğlu 21 dekabr 2003-cü ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olub. 2010-cu ildə Qazax rayon Abbasbəyli kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olub, 2014-cü ildə Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 5-ci sinifində təhsilini davam etdirib. 2021-ci ildə həmin məktəbin 11-ci sinifini bitirib. Orta təhsillidir. 2022-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. KOMANDO hərbi hissəsində xidmət edib. 12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə iştirak edib. Yanına mərmi düşməsi nəticəsində sağ ayağından yaralanıb. 13.09.2022-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilərək orada sağ ayağı topuqdan aşağı amputasiya olunub. Hazırda vəziyyəti normaldır. Bakı şəhərində Hərbi Hospitalda müalicəsini davam etdirir.