Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Səməd Seyidov Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədovun qardaşının vəfatı ilə bağlı ailəsinə başsağlığı verib

14 iyun 2022 | 20:00

2020-ci il Azərbaycan xalqının yaddaşına Qələbə ili kimi əbədi həkk olundu. Həmin ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsinin çoxdan gözlənilən böyük bir zəfərlə başa çatdırılması dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən Vətən müharibəsində əldə edilən qələbələr Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərinin döyüş əzmini, gücünü göstərdi. Göstərdikləri şücaətlə, qəhrəmanlıqla dövlətin, xalqın, yaşadıqları rayonun, kəndin, qəsəbənin, bütöv Azərbaycanın adını ucaldan igid Vətən oğulları ilə bu gün hər birimiz fəxr edir, onlarla qürur duyuruq. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu minnətdarıq.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı Qazaxda da hər zaman örnək götürülür.

Respublikamızın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından canı bahasına azad edən və Şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də şəhid kəşfiyyatçı kiçik çavuş Məmmədov Əhməd Nazim oğludur.

Bütün şəhidlərimiz kimi, Əhməd Məmmədovun ailəsi də hər zaman diqqətdə saxlanılır, ailənin dərdinə, sevincinə hər kəs şərik olur.

Mayın 25-də qəhrəman şəhidimizin qardaşı Məmmədov Məhəmməd Nazim oğlunun vaxtsız ölümü də hər kəsi sarsıtdı. Bu gün hər kəs ailənin dərdinə şərik olur, kədərini öz kədəri bilir.

İyunun 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və köməkçisi Akif Əmirov şəhidimizin ata ocağında olub, qardaşı Məhəmməd Məmmədovun vəfatından bir daha kədərləndiklərini bildiriblər. Millət vəkili Səməd Seyidov qazaxlı ziyalılar və rayon ictimaiyyəti adından şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, bu ağır günlərdə Tanrıdan onlara səbir, dözüm, dəyanət diləyib. 

Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı və millət vəkili həmin qələbədə payı olan Əhməd kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildiriblər. Azərbaycan xalqı var olduqca şəhidlərimizin daim qəlblərdə yaşayacağını qeyd ediblər. Şəhidlərimizin göstərdikləri igidliyin, qəhrəmanlığın bugünkü və gələcək nəsillər üçün hər zaman örnək olacağını vurğulayıblar. “Şəhidlərimizi, onların ailələrini yad etmək hər birimizin vəzifə borcudur”, - deyən rayon rəhbərliyi şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.

Kiçik çavuş Məmmədov Əhməd Nazim oğlu

Şəhid Əhməd Məmmədov 25 avqust 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin 1-ci  sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2009-cu ildə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin 10-cu sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2014-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur. Həqiqi hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətini davam etdirmişdir. Kiçik çavuş rütbəsinə qədər yüksəlmişdir.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), kəşfiyyatçı, kiçik çavuş Əhməd Məmmədovun döyüş yolu Cəbrayıldan başlayıb. Cəsurluğu, mübarizliyi ilə fərqlənərək həmişə öndə olub, Şuşanın azad olunmasına qədər gedən qanlı savaşda şərəfli bir döyüş yolu keçib. Kəşfiyyatçı Əhməd Məmmədov 08.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 11 noyabr  2020-ci  il  tarixdə  doğulub boya-başa çatdığı Qazax rayonunun Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Əhməd Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Əhməd Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər