Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Ülviyyə Ağayeva 8 Noyabr – Zəfər Günü ərəfəsində Qazaxda Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib

07 noyabr 2022 | 20:14

2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız, eləcə də digər yaşayış məntəqələrimiz, yüksəkliklərimiz erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğulları xalqımızın 30 illik yurd həsrətinə son qoymaq üçün döyüş meydanına atıldı. Göstərdikləri qəhrəmanlıqlarla, şücaətlə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar. Bu gün xalq olaraq qürurla qeyd etdiyimiz 8 Noyabr – Zəfər Gününü bizlərə bəxş etdilər.

"Qarabağ Azərbaycandır!” şüarı Qazaxın igid, mərd, cəsur oğullarının da dillər əzbəri, həyat amalı oldu. Bu şüarı əldə rəhbər tutan igid, vətənpərvər oğullarımız torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində əsl qəhrəmanlıq göstərdilər. Vətən müharibəsinin şəhidi olaraq adlarını hərb tariximizə qızıl hərflərlə əbədi yazdılar. Torpaq uğrunda candan keçməyin, Şəhidlik zirvəsinə yüksəlməyin uca bir məqam olduğunu bizlərə, gələcək nəsillərə miras qoyan oğullarımızla bu gün hər birimiz fəxr edirik. Ən əsası da ölkə vətəndaşı olaraq igid Vətən oğullarının xatirəsini əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi, sahib çıxmağı özümüzə borc bilməli, bu yolda üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, köməkçisi Arzu Musayeva, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri 8 Noyabr – Zəfər Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

Rayonun Qarapapaq, Xanlıqlar, Çaylı, Bala Çaylı, Cəfərli kəndlərində şəhdlərimizin ailələri ilə görüşən, igid Vətən oğllarının şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan millət vəkili igid övladlarının qəlblərdə əbədi yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildirib.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan millət vəkili həmin qələbədə payı olan Qazaxın qəhrəman oğulları ilə hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.

"Şəhidlərimiz bizim baş tacımız, fəxrimiz, qürurumuzdur. Bugünkü qələbəmizə görə şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borcluyuq”, - deyən Milli Məclisin deputatı Ülviyyə Ağayeva bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib, ailələrinə bir daha başsağlığı verib. Torpaq uğrunda canından keçən vətənpərvər oğullar böyüdən ata və analarımızla hər birimizin fəxr etdiyini bildirib. Qanları ilə tarix yazan oğullarımızın döyüş yolunun, həyatının, Vətən üçün göstərdikləri qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasının ən ümdə vəzifə olduğunu vurğulayıb. Bugünkü şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu bir daha qeyd edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib, qazilərimizə cansağlığı arzulayıb.

Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğını yüksək qiymətləndirən şəhid ailələri həmin qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərin döyüş meydanında göstərdikləri igidliklərini qiymətləndirərək orden və medallara layiq görülməsini, adlarının əbədiləşdirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndiriblər. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını rayon rəhbərliyi tərəfindən hər zaman hiss etdiklərini bildiriblər. Şəhid ataları, anaları bütün şəhidlərimizlə qürur duyduqlarını, onlarla fəxr etdiklərini dilə gətiriblər. Torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qisaslarının alındığını və bunu özlərinə təsəlli bildiklərini söyləyiblər. 

Keçidlər