Millət vəkili Ülviyyə Ağayeva Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə sakinlərlə görüşüb
Aprelin 28-də 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Ağayeva rayonun Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə sakinlərlə görüşüb.
Millət vəkili Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova ilə birlikdə Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbəyə gələrək sakinlərin müraciətlərini dinləyib.
Millət vəkili Ülviyyə Ağayeva qəsəbədə məskunlaşan kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Millət vəkili Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən, məqsədyönlü və düşünülmüş siyasəti sayəsində Azərbaycan dövlətinin möhtəşəm qələbələr qazanmaqda davam etdiyini, müdrik liderin möhkəm iradəsi, dəmir yumuruğu sayəsində dövlətimizin 2024-cü ildə daha bir uğura imza atdığını qeyd edib. Bir il əvvəl Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmasını dövlətimizin növbəti uğuru, tarixi qələbəsi kimi qiymətləndirib, sakinləri bu münasibətlə bir daha təbrik edib, xoş arzularını çatdırıb. Ü.Ağayeva bu qələbəni bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Vətən yolunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu vurğulayıb.
Millət vəkili bu il ilk dəfə olaraq onlarla görüşdüyünü, hər zaman olduğu kimi, bugünkü görüşün də arxasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib. Millət vəkili sakinlərlə hər ay görüşlərin təşkil olunduğunu, bundan əlavə vətəndaşlar tərəfindən ünvanlanmış ərizə və məktublara da həssaslıqla yanaşıldığını, baxıldığını bildirib. Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri diqqət və qayğının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. Hər bir dövlət məmurunun vəzifə borcunun vətəndaşlara qayğı ilə yanaşmaq, daim diqqət ayırmaq olduğunu qeyd edən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində hər zaman yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan quruculuq işlərindən söz açıb. Son illər ölkə başçısının qayğısı sayəsində Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib. Millət vəkili rayonda vətəndaşlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Rayon rəhbərinin ölkə Prezidentinin vətəndaşlara olan qayğısını əldə rəhbər tutaraq daim sakinlərin yanında olmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb.
Millət vəkili ilə səmimi söhbət edən kənd sakinləri dövlətin, dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını bildiriblər. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər. Kənd sakinləri daim Müzəffər Ali Baş Komandana inandıqlarını, Onun müdrik siyasəti, qətiyyətli mövqeyi sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Qazaxın kəndlərinin qaytarılacağına hər zaman əmin olduqlarını söyləyiblər. Ötən il qazanılmış qələbə sayəsində bu əminliklərinin gerçək olduğunu qeyd ediblər. Doğma yurda qovuşmağın sevincini yaşayan sakinlər bu xoşbəxtiyi onlara bəxş edən Müzəffər Ali Baş Komandana qazaxlılar, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər adından bir daha dərin minnətdarlıqlarını bildiriblər. “Qalan ömrümüzü işğaldan azad olunmuş torpaqlarımızda, azad edilmiş kəndlərimizdə inşa ediləcək yeni evlərimizdə yaşayacağıq. Bu, dövlətimizin, ölkə Prezidentimizin biz məcburi köçkünlərə bəxş etdiyi ən böyük xoşbəxtlikdir”, - söyləyən sakinlər o günün elə də uzaqda olmadığını qeyd ediblər.