Millət vəkili Ülviyyə Ağayeva Qazaxda Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun ailəsinə baş çəkib
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Deməli, bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız var. Sıravi əsgərindən tutmuş generalınadək hər bir döyüşçü əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, doğma Qarabağı qaniçənlərdən təmizləmək, mübarizə apardığımız haqq savaşı naminə canını fəda etməyə hazır idi, bu yolda bir yumruq tək birləşdi. Və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycanın hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Torpaq uğrunda candan keçməyin, Şəhidlik zirvəsinə yüksəlməyin uca bir məqam olduğunu bizlərə, gələcək nəsillərə miras qoyan oğullarımızla bu gün hər birimiz fəxr edirik. Ən əsası da ölkə vətəndaşı olaraq igid Vətən oğullarının xatirəsini əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi, sahib çıxmağı özümüzə borc bilməli, bu yolda üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq.
Avqustun 1-də Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul şəxsləri ilə birlikdə Xanlıqlar kəndində olub, Vətən müharibəsi şəhidi gizir Məmmədov Amid Müqabil oğlunun ailəsini ziyarət edib.
Görüşdə qəhrəman Vətən övladlarının qəlblərdə əbədi yaşayacaqları, Azərbaycan xalqı var olduqca bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı bildirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışılaraq həmin qələbədə Qazaxın igid oğullarının da payı olduğu qeyd olunub. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuz vurğulanıb. Torpaq uğrunda canından keçən vətənpərvər oğullar böyüdən ata və analarımızın hər birimizin fəxri olduğu bildirilib. Qanları ilə tarix yazan oğullarımızın döyüş yolunu, həyatını, döyüş meydanında göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq üçün hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü söylənilib. Bugünkü şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuz bir daha qeyd edilərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilənib, qazilərimizə cansağlığı arzulanıb.
Şəhid atası Müqabil Məmmədov dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək həmin qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını rayon rəhbərliyi tərəfindən hər zaman hiss etdiklərini bildirib. Şəhid atası bütün şəhidlərimizlə qürur duyduğunu, onlarla fəxr etdiyini dilə gətirib. Torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qisaslarının alındığını və bunu özünə təsəlli bildiyini söyləyib.
Şəhid Amid Məmmədov 2 aprel 1987-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1993-cü ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2005-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2007-ci ildə isə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Sonra 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunda oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin 1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci mexanikləşdirilmiş tağımının döyüş maşını komandiri-döyüş maşınları heyətinin rəisi Amid Məmmədov 03.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 4 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Nisə və Esmira adlı iki azyaşlı qız övladı yadigar qalıb.
Amid Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan gizirimizin göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid gizirimiz ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalları, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Kənd qəbiristanlığının girişində adını əbədiləşdirən bulaq inşa olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.