Millət vəkili Ülviyyə Ağayeva Qazaxda Vətən müharibəsi şəhidi leytenant Qismət Həməşəyevin ailəsini ziyarət edib
2020-ci ilin 27 sentyabrında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız, eləcə də digər yaşayış məntəqələrimiz, yüksəkliklərimiz erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğulları xalqımızın 30 illik yurd həsrətinə son qoymaq üçün döyüş meydanına atıldı. Göstərdikləri qəhrəmanlıqlarla, şücaətlə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar. Bu gün xalq olaraq qürurla qeyd etdiyimiz 8 Noyabr – Zəfər Gününü bizlərə bəxş etdilər.
"Qarabağ Azərbaycandır!” şüarı Qazaxın igid, mərd, cəsur oğullarının da dillər əzbəri, həyat amalı oldu. Bu şüarı əldə rəhbər tutan igid, vətənpərvər oğullarımız torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində əsl qəhrəmanlıq göstərdilər. Vətən müharibəsinin şəhidi olaraq adlarını hərb tariximizə qızıl hərflərlə əbədi yazdılar. Torpaq uğrunda candan keçməyin, Şəhidlik zirvəsinə yüksəlməyin uca bir məqam olduğunu bizlərə, gələcək nəsillərə miras qoyan oğullarımızla bu gün hər birimiz fəxr edirik. Ən əsası da ölkə vətəndaşı olaraq igid Vətən oğullarının xatirəsini əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi, sahib çıxmağı özümüzə borc bilməli, bu yolda üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq.
Avqustun 1-də Milli Məclisin deputatı Ülviyyə Ağayeva Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul şəxsləri ilə birlikdə Xanlıqlar kəndində olub, Vətən müharibəsi şəhidi leytenant Həməşəyev Qismət Oruc oğlunun ailəsini ziyarət edib.
Görüş zamanı igid Vətən övladlarının qəlblərdə əbədi yaşayacaqları, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı bildirilib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açılaraq həmin qələbədə payı olan Qazaxın qəhrəman oğulları ilə hər birimizin fəxr etdiyi qeyd olunub. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuz vurğulanıb. Torpaq uğrunda canından keçən vətənpərvər oğullar böyüdən ata və analarımızla hər birimizin fəxr etdiyi bildirilib. Qanları ilə tarix yazan oğullarımızın döyüş yolunun, həyatının, Vətən üçün göstərdikləri qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasının ən ümdə vəzifə olduğu söylənilib. Bugünkü şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuz bir daha qeyd edilərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilənib, qazilərimizə cansağlığı arzulanıb.
Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğını yüksək qiymətləndirən şəhid anası Tamara Həməşəyeva həmin qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Şəhidlərin döyüş meydanında göstərdikləri igidliklərini qiymətləndirərək orden və medallara layiq görülməsini, adlarının əbədiləşdirilməsi istiqamətində görülən işləri yüksək dəyərləndirib. Ölkə başçısının və Birinci vitse-prezidentin şəhid ailələrinə və qazilərə olan qayğılarını rayon rəhbərliyi tərəfindən hər zaman hiss etdiklərini bildirib. Şəhid anası bütün şəhidlərimizlə qürur duyduğunu, onlarla fəxr etdiyini dilə gətirib. Torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin qisaslarının alındığını və bunu özünə təsəlli bildiyini söyləyib.
Şəhid Qismət Həməşəyev 3 noyabr 1988-ci ildə Rusiya Federasiyasının Rostov vilayətində anadan olmuşdur. 1995-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2007-ci ildə Gəncə Dövlət Universitetinə daxil olmuş, 2011-ci ildə həmin Universiteti bitirmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, leytenant rütbəsində həqiqi hərbi xidmət keçmiş, 2013-cü ildə isə tərxis olunmuşdur. 2019-cu ildən “AccessBank”ın Qazax filialında əməliyyatçı kassir vəzifəsində işləmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Hərbi təlimlərə ehtiyatda olan zabit kimi cəlb edilmiş Qismət Həməşəyev Vətən torpaqlarının müdafiəsi uğrunda igidcəsinə döyüşmüşdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 1-ci motoatıcı taborunun, motoatıcı tağımının komandiri olan Qismət Həməşəyev 26 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 27 oktyabr 2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, övladı yoxdur.
Bütün şəhidlərimiz kimi, leytenant Qismət Həməşəyevin də xatirəsi hər zaman əziz tutulur. Şəhid leytenantımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilib.