Millət vəkilləri düşmən təxribatının qarşısını alarkən Şəhidlik zirvəsinə ucalmış gizir Elşad Həsənovun ailəsini ziyarət ediblər
Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatan və iriçaplı silahlardan istifadə etməklə atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində şəhid olan Ağstafa rayonunun Xətai kənd sakini, 1994-cü il təvəllüdlü, gizir Həsənov Elşad Qabil oğlu aprelin 12-də son mənzilə yola salınıb.
Aprelin 12-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, Milli Məclisin deputatları Xalq şairi Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Nəsib Məhəməliyev, Nigar Arpadarai, Asim Mollazadə, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov şəhidimizin ailəsini ziyarət edib, anasına və yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla anılıb.
Şəhidimizin anası Məlahət xanım və əmisi Şahbaz Həsənov Vətən oğlunun keçdiyi şərəfli ömür yolundan söz açaraq bildiriblər ki, Elşad hər zaman doğma yurduna məhəbbəti, müqəddəs torpaqlarımıza bağlılığı ilə, mərdliyi ilə seçilib. Məhz bu xüsusiyyətlər Onu Azərbaycan Ordusu sıralarında Vətəninə qürurla, əsl qəhrəman kimi xidmət etməyə vadar etdi. O, həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Qeyd olunub ki, Elşad Həsənov da Şəhidlik zirvəsini fəth edən digər Vətən oğullarımız kimi hər bir azərbaycanlının ən böyük qürur mənbəyinə çevrildi və O, qəlblərdə daim yaşayacaqdır. Şəhidimizin ailə üzvləri dövlətimiz tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunacaqlar. Eyni zamanda, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıq nümunəsindən bəhs olunaraq bildirilib ki, 11 aprel 2023-cü il tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən növbəti təxribatın qarşısı qəhrəman hərbçilərimizin sayıqlığı nəticəsində bu dəfə də qətiyyətlə alınıb, ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki verib. Şəhidlərimizin intiqamı layiqincə alınıb.
Allah şəhidərimizə rəhmət eləsin!