Millət vəkilləri Səməd Seyidov və Pərvin Kərimzadə əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasında olublar
Ötən il oktyabrın 1-də ADA Universiteti "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının qarşısında keçirilən tədbirdə tarixi binanın bərpasını öz üzərinə götürdü. ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi binaya bu gün yeni görkəm verilib. 104 yaşlı təhsil ocağımız olan Qazax Müəllimlər Seminariyasının binasında keçmişlə müasirlik vəhdət təşkil edir. Vaxtilə özünün 17 otaqlı mülkünü Seminariyaya bağışlamış Qazax rayon Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun da bu gün ruhu şaddır ki, bu təhsil ocağı yenidən qapılarını gələcəyimiz olan gənclərin üzünə açacaqdır.
Bəli, bu gün qürurla deyə bilərik ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi təkcə onun yenidən istifadəsini mümkün etməyəcək, eyni zamanda tarixi bina kimi gələcək nəsillərə ötürülməsində bir ərmağandır. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq.
Oktyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonumuzda qonaq olan Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyasında olublar.
Millət vəkili Səməd Seyidov və digər qonaqlar ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı şəkildə yenidən qurmasını ziyalılar olaraq yüksək qiymətləndiriblər. Gələcəyimiz olan gənclərin təhsilinə, inkişafına verilən töhfə olduğunu bildiriblər. Bu gün tarixi bina olan Qazax Müəllimlər Seminariyasının yüksək səviyyədə bərpa olunmasının hər bir qazaxlı, ziyalı tərəfindən razılıqla qarşılandığını qeyd edərək ölkə Prezidenti İlham Əliyevə, bu nümunəvi təşəbbüsə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə və əməyi keçən insanlara sonsuz minnətdarlıq ifadə olunduğunu vurğulayıblar.