Şriftin ölçüsü :

Saytın rəngi :

Nazir Anar Kərimov Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

30 avqust 2022 | 19:11

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə bölgələrə səfər planına uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov avqustun 30-da Qazax rayonuna səfər edib.

Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə Qazax şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Nazir və icra başçısı bir sıra tarixi abidələrə və mədəniyyət müəssisələrinə baxış keçiriblər.

Anar Kərimov əvvəlcə 2008-ci ildən fəaliyyət göstərən Qazax Rayon Heydər Əliyev Mərkəzində olub, mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlara baxıb. Burada nazirə müəssisənin fəaliyyəti barədə məlumat verilib.

Sonra Qazax Dövlət Rəsm Qalereyasına baxış keçirilib. Bildirilib ki, 1986-cı ildən fəaliyyət göstərən qalereyanın ümumi fondunda 574 eksponat var. Onlardan 70-i sərgi salonunda nümayiş olunur. 

Qazax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinə gələn nazirə məlumat verilib ki, təhsil ocağı 2020-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir olunub. Hazırda məktəbdə fortepiano, skripka, tar, kamança, qarmon, saz sinifləri fəaliyyət göstərir, 221 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur.

Səfər çərçivəsində “Azərbaycan” kinoteatrının binasının cari vəziyyətinə baxış keçirilib. Qeyd olunub ki, 1965-ci ildə tikilən binada 600 nəfərlik böyük və 50 nəfərlik kiçik zal var.

Anar Kərimov Qazaxda Molla Pənah Vaqif və Molla Vəli Vidadinin Xatirə Muzeyinə də baş çəkib. 1970-ci ildə açılan muzeydə 1235 eksponat qorunur. Muzeydə əsasən görkəmli şairlər M.P.Vaqif və M.V.Vidadinin dövrünə (XVIII əsr) aid məişət və bəzək əşyaları, paltarlar, silahlar və s. nümayiş olunur.

Sonra nazir Qazax Tarix-Diyarşünaslıq Muzeyinə gəlib. Bildirilib ki, 1984-cü ildə yaradılan muzeyin 2016-cı ildə yeni binası istifadəyə verilib. Muzeyin yenidən qurulmuş ekspozisiyası iki mərtəbədə yerləşdirilib. Hazırda muzeydə 2910 eksponat qorunub saxlanılır, onlardan 102-si daimi sərgilənir.

Səfər çərçivəsində nazir binası 2013-cü ildə istifadəyə verilən Qazax Şəhər Ədəbiyyat Muzeyində də olub.  

Anar Kərimov Qazax şəhərinin mərkəzində yerləşən yerli əhəmiyyətli memarlıq abidələrinə – Cümə məscidinə (XX əsr) və məscidin qarşısında yerləşən İsrafil ağa hamamına (XX əsr) baxış keçirib, hamam binasında aparılan təmir-bərpa işləri ilə tanış olub.

Nazirə məlumat verilib ki, məscid və hamamın binası rayonun Qıraq Kəsəmən kənd sakini, xeyriyyəçi sahibkar İsrafil ağa Kərbəlayev (1866-1917) tərəfindən inşa etdirilib. Hamam memar Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən hörülüb. Plan quruluşuna görə Şərq və Avropa memarlığının elementlərini özündə cəmləşdirən tikiliyə Azərbaycanın digər bölgələrində rast gəlinmir. O da bildirilib ki, İsrafil ağa hamamı Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilib. Mədəniyyət naziri daha bir yerli əhəmiyyətli memarlıq abidəsi olan Qazax Müəllimlər Seminariyasının (XX əsr) binasına da baş çəkib, burada aparılan təmir-bərpa işləri ilə maraqlanıb.

Qeyd edək ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib.

Nazir Anar Kərimov Qazaxın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanını da ziyarət edib, Vətən uğrunda canından keçən igid oğulların xatirəsinə dərin ehtiramını bildirib.

Mədəniyyət nazirinin Qazax rayonuna səfəri davam edir.

Keçidlər