Ölümündən sonra dörd medalla təltif olunan Vətən müharibəsi şəhidi kiçik çavuş Sərxan Mustafayev ildönümündə yad edilib
2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazıldı və illər ötsə belə hər zaman qürurla, fəxrlə xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etməklə bütün dünyaya bir daha sübut etdilər ki, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”. Ali Baş Komandanın da söylədiyi kimi, Azərbaycan 27 sentyabrdan başlayan 44 günlük haqq savaşında tarixi ədaləti bərpa etdi.
Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid kiçik çavuş Mustafayev Sərxan İslam oğludur.
Noyabrın 1-də 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dastan yazan şəhidimizin ildönümüdür. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 2 il ötür.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, müharibə əlilləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Bildirilib ki, bu gün vətəndaş olaraq hər birimiz Qarabağı düşmən tapdağından azad edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə aparılan döyüşdə yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.
Şəhid atası İslam Mustafayev şəhid ailəsi kimi hər zaman ailəsinə göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidimizin xatirəsinin yad olunmasını övladının timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Şəhid Sərxan Mustafayev 21 mart 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 01.09.2001-ci ildə Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 30.05.2009-cu il tarixdə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 01.04.2012-ci ildən 01.10.2013-cü il tarixədək Bakı şəhərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. 03.06.2014-cü il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Sərxan Mustafayev 31.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 02.11.2020-ci il tarixdə doğulduğu Aslanbəyli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, Ümid və Zümrüd adlı iki azyaşlı övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Sərxan Mustafayevin döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid kiçik çavuş Sərxan Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.