Peşələr festivalının növbəti dayanacağı Qazax şəhəri olub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr festivalı keçirilir.
“Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçirilən festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır.
Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 10 peşə haqqında maarifləndirici tədbirlər də həyata keçirilir. İştirakçılara həmin peşə sahibləri ilə daha yaxından tanış olmaq imkanı yaradılır, peşə və ixtisas seçiminə dəstək göstərilir.
Ümumilikdə, Şamaxı, Sumqayıt, Lənkəran, Şirvan, Bakı, Şəki, Mingəçevir, Bərdə, Gəncə, Qazax rayon və şəhərlərini əhatə edən festival çərçivəsində aşbaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik-dizayner, interyer-dizayner, kompüter proqram təminatçısı, barista, turizm agenti, elektron cihazların təmirçisi peşələri təqdim olunur.
Festivala qatılan iştirakçılar əmək bazarında peşələrə və peşələr üzrə bacarıqlara olan tələblər, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlara sahib olmaq imkanı əldə edirlər.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən Peşələr festivalının növbəti dayanacağı Qazax şəhəri olub.
İyunun 3-də Qazax şəhəri Heydər Əliyev parkında Gənclər Evinin qarşısında təşkil olunmuş festivalda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Agentliyin əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, məktəblilər, tələbə və gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Festivalın aparıcısı Könül Muxtarova çıxış edərək tədbir iştirakçılarını öz növbəsində salamlayıb, festivalı açıq elan edib. “Öyrən, əylən, peşəni seç” devizi altında müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçirilən festivalda iştirakçıların peşələr üzrə hansı bacarıqların tələb olunduğunu yaxından öyrənəcəklərini, eyni zamanda, gənclərin müxtəlif əyləncəli proqramlarla gözəl bir gün yaşayacaqlarını söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək qonaqları və festival iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı qalib ölkənin qalib vətəndaşları olaraq bu gün bu festivalda iştirak etməyin qürurverici və xoş olduğunu bildirib. Rayon rəhbəri respublikamızın ən ucqar rayonu olan Qazaxda 10 peşə üzrə yüksək səviyyəli festivalın keçirilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev başda olmaqla, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbərliyinə öz adından və rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. İcra başçısı Agentlik tərəfindən ölkəmizdə ilk dəfə olaraq keçirilən Peşələr festivalının əhəmiyyətindən danışaraq bu təşəbbüsü dövlətin gənclərə olan növbəti qayğısı kimi qiymətləndirib. Rayon rəhbəri tutduğu mövqeyindən, vəzifəsindən asılı olmadan hər kəsin öz peşəsini sevməli olduğunu, yaxşı peşə sahibi olaraq dövlətinə, xalqına layiqli vətəndaş kimi öz töhfəsini verməli olduğunu diqqətə çatdırıb. Rayon rəhbəri gənclərə düzgün peşə seçmək üçün yaradılan imkanlardan səmərəli istifadə etməyi, festivalda təqdim olunan peşələrdən yararlanmağı tövsiyə edib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Agentliyi adından rayon rəhbərliyini və festival iştirakçılarını salamlayıb, göstərilən qonaqpərvərliyə, böyük coşquya görə minnətdarlığını bildirib. M.Abbasbəyli ölkə Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə Dövlət Məşğulluq Agentliyinin 2020-ci ildə yenidən təşkil edildiyini diqqətə çatdırıb. Həmin andan etibarən Agentlik olaraq bütün xidmətlərin yenidən yaradıldığını, bütün islahatların yenidən başlanıldığını vurğulayıb. Natiq çıxışında Agentlik olaraq 24 fəaliyyət istiqaməti üzrə işsiz və işaxtaranların öz məşğulluğunu təmin etmələrinə dəstək verdiklərini, eyni zamanda, gəncləri, tələbələri gələcəyin əmək bazarına hazırlamağı üzərilərinə öhdəlik kimi götürdüklərini qeyd edib. Bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini söyləyib. Tədbirin mahiyyətindən danışan natiq qeyd edib ki, əsas hədəfimiz gənclərə, onların valideynlərinə gənclərə düzgün peşə seçimində dəstək olmalarında köməklik göstərməkdir. M.Abbasbəyli yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolunu yüksək qiymətləndirib.
Sonra rayon rəhbərliyi və qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.
Daha sonra ekspertlər peşələr üzrə məlumat verib, festival müxtəlif əyləncəli proqramlarla davam etdirilib.
Rayonumuzda olan qonaqlar 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini də ziyarət edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.