Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynovun əziz xatirəsi ehtiramla anılıb

09 oktyabr 2024 | 15:35

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin gücü, siyasi iradəsi, qətiyyətli addımları sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə ilə bir daha sübut etdik ki, müstəqil Azərbaycan tarixi taleyini həll etməyə qadir olan dövlətdir. 44 günlük Vətən müharibəsi ilə bütün dünyaya göstərdik ki, Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilir. “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan, 30 illik həsrətə, niskilə son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə uzun illər yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər. Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək hərb tariximizə illərdir ki, arzusunda olduğumuz Qələbə zəfərini yazdılar.

Ən önəmlisi də 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. 

Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də baş leytenant Hüseynov Nəbi Hacıbala oğludur. 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin yoxluğundan artıq 4 il ötür. Oktyabrın 9-u igid Vətən oğlunun dördüncü ildönümüdür. 

Oktyabrın 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Xalid Abasovla birlikdə Birinci Şıxlı kəndində igid Vətən oğlunun evində olub, qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edib. Şəhidimizin ruhuna dua oxunub, xatirəsi böyük ehtiramla anılıb.

İcra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsində adını tarixə yazdıran, qazanılan qələbədə payı olan Nəbi kimi oğullarımızın döyüş meydanında göstərdikləri qəhrəmanlığın, şücaətin unudulmayacağını, hər zaman xatırlanacağını qeyd edib. Xalq olaraq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Nəbi və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuzu bildirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu, Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib. 

Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da artırmışdır. 

Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedəndöyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha sonra beş medala da layiq görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə", 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Qarabağ” ordenli şəhidimizin adı verilib.

Keçidlər