“Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynovun ildönümündə əziz xatirəsi ehtiramla anılıb
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Prezident İlham Əliyevin gücü, siyasi iradəsi sayəsində əldə etdiyimiz tarixi Qələbə bir daha onu sübut etdi ki. müstəqil Azərbaycan milli kimliyi və malik olduğu siyasi potensialı ilə tarixi taleyini həll etməyə qadir olan bir dövlətdir. 44 günlük Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun gücü və qüdrəti sayəsində üzərinə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gələ bilir. “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan, 30 illik həsrətə, niskilə son qoyan Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bizlərə uzun illər yaddaşlara əbədi həkk olunacaq şanlı bir Zəfər bəxş etdilər. Qanları, canları bahasına müstəqil Azərbaycanın bundan sonra da bütün dünyaya günəş kimi doğması üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşdilər. Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək hərb tariximizə illərdir ki, arzusunda olduğumuz Qələbə zəfərini yazdılar.
Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.
Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də baş leytenant Hüseynov Nəbi Hacıbala oğludur. 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin yoxluğundan artıq 3 il ötür. Oktyabrın 9-u igid Vətən oğlunun üçüncü ildönümüdür.
Oktyabrın 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, “Bilgə Qrup” QSC-nin direktoru Elvin İsmayılovla birlikdə Birinci Şıxlı kəndində qəhrəman şəhidimizin ata ocağında olub, əziz xatirəsini dərin ehtiramla yad edib. Şəhidimizin ruhuna dua oxunub, xatirəsi böyük ehtiramla anılıb.
İcra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsində adını tarixə yazdıran, qazanılan qələbədə payı olan Nəbi kimi oğullarımızın döyüş meydanında göstərdikləri qəhrəmanlığın, şücaətin unudulmayacağını, hər zaman xatırlanacağını qeyd edib. Xalq olaraq 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Nəbi və onun kimi minlərlə şəhidimizə, qazilərimizə borclu olduğumuzu bildirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu, Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü bildirib.
Şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin atası Hacıbala Hüseynov buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Onları daim diqqətdə saxladığına, ziyarət etdiyinə görə rayon rəhbərliyinə razılıq edib.
Şəhid Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil almışdır. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da artırmışdır.
Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissələrində xidmət edən Nəbi qrup komandirinin müavini olmuşdur. Baş leytenant Nəbi Hüseynov 09.10.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedəndöyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 09.10.2020-ci il tarixdə Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, baş leytenant Nəbi Hüseynovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilən Nəbi daha sonra beş medala da layiq görülmüşdür. Nəbi Hüseynov ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə", 5 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Qarabağ” ordenli şəhidimizin adı verilib.